Gələcəyin işçi qüvvəsi yox olur? – İqtisadçıdan sensasion rəy

Gələcəyin işçi qüvvəsi yox olur? – İqtisadçıdan sensasion rəy Sosial

Azərbaycanda son illərdə uşaqların (0-14 yaş) sayında və doğum nisbətində kəskin azalma müşahidə olunur. 2025-ci ilin məlumatına görə, bu istiqamətdə təxminən 60%-ə yaxın geriləmə qeydə alınıb. Buna nikahdankənar uşaqların sayının düşməsi və xüsusilə abortların sayındakı kəskin artım təsir edir. Statistikaya görə, 2015-ci ildə 166 mindən çox uşaq doğulduğu halda, sonrakı illərdə bu rəqəm davamlı azalaraq 110-120 min civarına düşüb. Ən qorxulu göstərici isə abortlarla bağlıdır. 2015-ci ildə 10 min 300 abort qeydə alındığı halda, 2023-cü ildə bu rəqəm 73 min 800-ü ötüb. Artıq 17 yaşa qədər uşaqların ümumi əhalidəki payı 26%-ə qədər geriləyib.

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, ailələrin uşaq sayına yanaşması tamamilə dəyişib və bu, gələcək üçün ciddi risklər yaradır:

"50-60 il əvvəl vəziyyət fərqli idi. Səhiyyə sistemi zəif olduğundan doğulan uşaqların hamısı həyatda qala bilmirdi. Bu səbəbdən ailələr daha çox uşaq dünyaya gətirməyə çalışırdı ki, heç olmasa bir neçəsi sağ qalsın. Bu, həmin dövrün sosial reallıqlarından irəli gələn bir tendensiya idi. Lakin hazırda vəziyyət köklü şəkildə dəyişib. Səhiyyə sistemi inkişaf edib, uşaq ölümü halları azalıb, lakin sosial-iqtisadi çətinliklərin artması ailələrin daha az uşaq sahibi olmasına gətirib çıxarır".

İqtisadçı vurğulayıb ki, bu tendensiya davam edərsə, yaxın 10-15 il ərzində ölkə ciddi demoqrafik problemlərlə üzləşə bilər:

"Bu problemlər ilk növbədə, əmək bazarında özünü göstərəcək. İşçi qüvvəsinin azalması iqtisadi inkişafı ləngidə, müxtəlif sahələrdə kadr çatışmazlığı yarada bilər. Bununla yanaşı, sosial təminat sistemi də risk altına düşə bilər. Mövcud modelə əsasən, hazırda işləyən insanlar ödədikləri sosial haqlar vasitəsilə pensiyaçıların təminatını formalaşdırır. Lakin gələcəkdə işləyənlərin sayı azalarsa, pensiya fonduna daxilolmalar da aşağı düşəcək".

İqtisadçı qeyd edib ki, bu vəziyyət nəsillərarası həmrəylik prinsipinə əsaslanan mövcud sistemin pozulmasına səbəb ola bilər. Yəni bu gün işləyənlər gələcəkdə pensiyaya çıxdıqda onları təmin edəcək kifayət qədər gənc işçi qüvvəsi olmaya bilər.