Hər gün bu xəbərlərə baxanlar risk altındadırlar – Psixoloqdan XƏBƏRDARLIQ

Hər gün bu xəbərlərə baxanlar risk altındadırlar – Psixoloqdan XƏBƏRDARLIQ Sosial

Yaxın Şərqdə artan gərginlik və dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr müasir insanı görünməmiş informasiya axını ilə üz-üzə qoyub. Müharibə xəbərlərinin həm intensivliyi, həm də vizual ağırlığı gündəlik həyatımızın ayrılmaz, lakin sarsıdıcı hissəsinə çevrilib. Bəs hər gün ekrandan axan bu müharibə xəbərləri şüuraltımızda hansı izləri qoyur?

Mövzu ilə bağlı News24.az-a danışan psixoloq Fuad Əsədov bildirib ki, beyin xəbərdəki təhlükə ilə real təhlükəni hər zaman ayırd edə bilmir və bu da insan psixologiyasında müəyyən problemlər yaradır:

“Müharibə xəbərlərini izləmək insanda bir çox cəhətdən psixoloji problemlərə səbəb ola bilər. Birincisi, nəzərə almaq lazımdır ki, beyin izlənilən xəbərdə təsvir olunan təhlükə ilə real həyatdakı təhlükə arasındakı fərqi hər zaman düzgün ayırd edə bilmir. Buna görə də insan təhlükəli hadisə haqqında xəbər oxuduqda, beyin bunu sanki öz başına gəlmiş kimi qəbul edir və stress hormonu olan kortizol ifraz olunmağa başlayır. Bu isə zamanla insanın təhlükəsizlik hissinin azalmasına, beynində müxtəlif fəlakət ssenarilərinin qurulmasına və davamlı stress yaşamasına səbəb ola bilər. Nəticədə, bu hal xroniki stress pozuntusuna gətirib çıxara bilər”.

Fuad Əsədov qeyd edib ki, bu cür xəbərlərin davamlı izlənilməsi insanlarda ətrafa və gələcəyə qarşı mənfi fikirlərin formalaşmasına, onların aqressivləşməsinə də səbəb olur:

“Müharibə xəbərlərini mütəmadi izləmək bəzi insanlarda təşviş pozuntusuna səbəb ola bilər. Çünki bu cür xəbərlər insanın zehnində gələcəklə bağlı mənfi gözləntilər yaradır. Bu da təşviş səviyyəsinin artmasına səbəb olur. Hətta bir çox hallarda insanlar belə xəbərləri izlədikdən sonra dünyaya daha pessimist və neqativ baxmağa başlayırlar. “Dünyada ədalət yoxdur”, “hamı bir-birinə pislik edir”, “insanlar bir-birini öldürür” kimi düşüncələr formalaşır. Bu da depressiyanın yaranmasına zəmin yarada bilər”.

Psixoloq vurğulayıb ki, müharibə şəraitində yaşayan insanların yaşadıqlarını izləmək və onların görüntülərinə baxmaq “sekundar travma” (travmatik hadisəni birbaşa yaşamayan, lakin onun görüntü və ya hekayələri ilə qarşılaşan insanlarda yaranan psixoloji stress vəziyyəti) adlanan halın yaranmasına səbəb ola bilər.

“Bu zaman insan başqasının yaşadığı travmanı o qədər dərindən düşünür və empatiya qurur ki, nəticədə bu hallar onun öz psixoloji vəziyyətinə də mənfi təsir göstərir”.

Ekspert əlavə edib ki, tamamilə gündəmdən uzaq durmaq, heç bir xəbər izləməmək də düzgün yanaşma sayılmır:

“Bu, insanın reallıqdan uzaqlaşmasına səbəb ola bilər. Sağlam yanaşma balansı qorumaqdır. Məsələn, gündə yalnız 1–2 dəfə xəbər izləmək, əsas məlumatları əldə etmək və etibarlı mənbələrə üstünlük vermək tövsiyə olunur”.

O xüsusilə qeyd edib ki, hər hansı mənbənin məşhur olması onun hər zaman doğru məlumat yaydığı anlamına gəlmir. Buna görə də informasiyalara ehtiyatla yanaşmaq vacibdir.

Sonda psixoloq tövsiyə edib ki, gecə yatmazdan əvvəl bu cür xəbərlərin izlənilməməsi daha məqsədəuyğundur:

“Bu cür xəbərləri gecə yatmazdan əvvəl izləmək məsləhət görülmür. Bu, yuxu keyfiyyətinin pisləşməsinə, qorxulu yuxuların görülməsinə və ümumi psixoloji gərginliyin artmasına səbəb ola bilər”.

Gülçin Abdullayeva