İdman Akademiyasında təmir işləri aparılacaq - Rəsmi

İdman Akademiyasında təmir işləri aparılacaq - Rəsmi Sosial

Azərbaycan İdman Akademiyasının əsas binasında təmir işləri aparılacaq.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Azərbaycan İdman Akademiyasından bildirilib.

Qeyd olunub ki, Azərbaycan İdman Akademiyasının Fətəli Xan Xoyski prospekti 98 ünvanında yerləşən əsas binasının ön fasadı alkapon materialı ilə üzlənib:

"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən binanın ön fasadında istifadə olunan alkapon materialının ləğv edilməsi haqqında 02.09.2024-cü il və 15.01.2025-ci il tarixli (YTQ 06-2004, bənd 3.6.2, YTQ 01-2001, bənd 4.4) aktları tərtib olunmuş və ən qısa müddət ərzində nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib".

Bildirilir ki, bu aktlara əsaslanaraq binanın fasadında əsaslı təmir işləri üçün layihə-smeta sənədləri hazırlanmış və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən 17 oktyabr 2024-cü il tarixli 38306 nömrəli Ekspertiza rəyi verilib:

" Əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün açıq tender proseduru keçirilib və hazırda Azərbaycan İdman Akademiyasının ön fasadında əsaslı təmir işlərinə başlanılıb".