İntensiv yağışlar Xəzərin səviyyəsini qaldıra bilərmi? - Açıqlama

İntensiv yağışlar Xəzərin səviyyəsini qaldıra bilərmi? - Açıqlama Sosial

Bakıda və regionda müşahidə olunan kəskin hava şəraiti, intensiv yağıntıların Xəzərə axıdılması dənizin su səviyyəsinin artması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Cənubi Qafqaz və Dağıstanda baş verən daşqınların miqyası geniş olsa da, bu prosesin nəhəng su hövzəsinə real təsiri sual doğurur.

Məsələ ilə bağlı News24.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, son günlər müşahidə olunan intensiv yağıntıların Xəzər dənizinin su səviyyəsinə müəyyən təsiri olsa da, bu təsiri ciddi və həlledici amil kimi qiymətləndirmək doğru olmaz:

"Xəzərin hidrologiyası mürəkkəb su balansı üzərində qurulub. Bu balansın əsasını dənizə daxil olan və çıxan su kütlələrinin nisbəti təşkil edir. Gəlir hissəsində çayların gətirdiyi sular və birbaşa yağıntılar dayanırsa, çıxar hissəsini əsasən buxarlanma prosesi formalaşdırır. Bu sistemdə isə ən böyük pay çay sularına, xüsusilə də Volqa çayına məxsusdur. Xəzərə daxil olan ümumi suyun böyük hissəsini məhz Volqa vasitəsilə daxil olur və bu, digər çaylarla müqayisədə çox böyük fərq yaradır".

AMEA rəsmisi qeyd edib ki, Kür çayı, Terek çayı kimi region çaylarında suyun artması, eləcə də Bakı və ətraf ərazilərdə yağan intensiv yağışlar müəyyən həcmdə əlavə suyun Xəzərə daxil olmasına səbəb olur:

"Lakin bu artım Volqanın gətirdiyi su ilə müqayisədə olduqca kiçikdir və bu səbəbdən dənizin ümumi səviyyəsinə nəzərəçarpacaq təsir göstərə bilmir. Hətta daha iri miqyaslı hidroloji hadisələr – məsələn, əvvəlki illərdə Ural çayında baş verən güclü daşqınlar və su artımı belə Xəzərin səviyyəsində ciddi dəyişiklik yaratmayıb. Bu fakt bir daha göstərir ki, dənizin səviyyəsinin dəyişməsi üçün yalnız lokal və qısamüddətli yağıntılar kifayət deyil, daha geniş ərazini əhatə edən və uzun müddət davam edən proseslər tələb olunur".

Onun sözlərinə görə, hazırda regionda, xüsusilə Kür hövzəsinin aşağı axınında müşahidə olunan intensiv yağıntılar əsasən lokal daşqınlara, subasmalara və qısamüddətli hidrometeoroloji gərginliyə səbəb olur:

"Xəzər dənizinin səviyyəsində dəyişikliklər daha çox uzunmüddətli iqlim dəyişiklikləri, buxarlanma səviyyəsi və xüsusilə Volqa hövzəsində baş verən hidroloji proseslərlə bağlıdır. Bu baxımdan, son yağışların təsiri mövcud olsa da, bu təsir cüzi xarakter daşıyır və dənizin səviyyəsində ciddi artım gözlənilmir".