İranda neft obyektlərinə zərbə: Zəhərli qazlar sərhədlərə çata bilərmi?

İranda neft obyektlərinə zərbə: Zəhərli qazlar sərhədlərə çata bilərmi? Sosial

Hazırda regionda ABŞ, İsrail və İran arasında gərginliyin artdığı bir dövrdə İranda neft obyektlərinə endirilən zərbələr nəticəsində havaya qarışan zəhərli tullantıların yalnız ölkə daxilində deyil, qonşu ölkələrdə də təsir göstərə biləcəyi barədə məlumatlar yayılıb. Məlumatlara görə, atmosferə yayılan təhlükəli qazlar və kimyəvi maddələr küləyin istiqamətindən asılı olaraq qonşu ölkələrə çataraq ətraf mühit və insan sağlamlığı üçün risklər yarada bilər. Hadisənin davam edən regional münaqişə fonunda baş verməsi vəziyyəti daha da mürəkkəbləşdirir və beynəlxalq monitorinqin gücləndirilməsini zəruri edir.

Azərbaycanla İranın sərhəd qonşuluğu nəzərə alınaraq, məsələnin ölkəmiz üçün təhlükə yaradıb-yaratmayacağı maraq doğurur.

Məsələ ilə bağlı News24.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, havaya yayılan zəhərli qazlar problemi yeni deyil və əvvəllər İran-İraq müharibəsi dövründə də müşahidə olunub.

"Həmin dövrdə neft quyularına endirilən zərbələr nəticəsində yaranan zəhərli maddələr sərhədlərə çatmamış, təsirləri məhdud olmuşdu. Hazırda İran ərazisindəki neft obyektlərinə zərbələr endirilməsi nəticəsində havaya qarışan zəhərli maddələrin qonşu ölkələrə çatma ehtimalı mövcuddur, lakin bunun miqdarı və təsiri bir sıra amillərdən asılıdır. Regiona hava kütlələri müxtəlif istiqamətlərdən daxil olur və cənub-şərqdən, yəni İran ərazisindən gələn hava kütlələri daha təhlükəli sayılır. Digər istiqamətlərdən gələn hava, məsələn, Afrikadan və ya Ərəbistan yarımadasından gələn kütlələr isə əksər hallarda ciddi təhlükə yaratmır", - deyə o əlavə edib.

Ənvər Əliyev vurğulayıb ki, havanın sürəti, istiqaməti və davamlılığı, həmçinin dağlıq relyef və digər təbii maneələr zəhərli qazların sərhədlərə çatmasını çətinləşdirir:

"Məsafə təxminən 1000–1500 kilometrdir və qazlar bu məsafəni keçərkən zəifləyir, yayılan tullantıların konsentrasiyası azalır. Təhlükənin miqdarı birbaşa vurulan quyuların sayından, yanğınların miqyasından və prosesin davamlılığından asılıdır. Neftin yalnız müəyyən hissəsi, təxminən 30%-i benzindən ibarətdir, qalan hissəsi isə mazut və kerosindir və bunlar yanarkən daha zəhərli tullantılar yarada bilər".

Ekspert qeyd edib ki, indiki mərhələdə ciddi təhlükə yoxdur, vəziyyət diqqətlə izlənir və lazım gəldikdə qabaqlayıcı tədbirlər görüləcək. O əlavə edib ki, hazırkı vəziyyət ciddi narahatlıq doğurmur, lakin hadisələrin gedişi diqqətlə izlənməlidir.