Laçında yüksək dağlıq ərazilərə qar yağdı - VİDEO
Sosial
Laçın rayonunun yüksək dağlıq ərazilərində hava şəraiti kəskin dəyişib, nəticədə qar yağıb.
News24.az-ın Qarabağ bürosunun xəbərinə görə, yağıntı xüsusilə Dəli dağ yüksəkliyində daha intensiv müşahidə olunub. Gecə saatlarında başlayan qar səhərədək davam edib, bəzi ərazilərdə isə artıq qar örtüyü formalaşıb.
Mütəxəssislər bildirirlər ki, yüksəkliyin çox olması səbəbindən temperatur aşağı düşür və yağıntı qar şəklində qeydə alınır. Dağlıq ərazilər üçün bu cür dəyişkən hava şəraiti xarakterik hesab olunur.
Güclü qar Azər İşıq ASC əməkdaşlarının işinə də təsir edib. Rayonun Ağbulaq kəndi istiqamətində elektrik xəttinə baxış keçirən işçilərin avtomobili qalın qar səbəbindən yolda qalıb. Hadisə yerinə cəlb olunan traktorun köməyi ilə nəqliyyat vasitəsi qardan çıxarılıb və əməkdaşlar işlərini davam etdiriblər.
Hazırda qar yağışı elektrik enerjisinin verilişində hər hansı problem yaratmayıb.