Magistraturanın ikinci cəhdinə hazırlaşanların nəzərinə – MÜHÜM açıqlama
Sosial
Magistraturaya qəbul imtahanının ikinci cəhdi yaxınlaşdıqca, abituriyentlər arasında həyəcan və maraq getdikcə artır. Xüsusilə ilk cəhdin çətin keçməsi bu marağı daha da gücləndirir. Birinci mərhələdə təqdim olunan sualların mürəkkəbliyi, xüsusilə Məntiq fənnində vaxtın düzgün bölüşdürülməsində yaranan çətinliklər bir çox namizəd üçün ciddi sınaq olmuşdu.
Bu səbəbdən indi imtahana hazırlaşan hər kəsi bu suallar düşündürür: Magistraturaya qəbul imtahanının ikinci cəhdi daha asan ola bilərmi? İmtahanın strukturu və çətinlik səviyyəsi necə dəyişə bilər? Qarşıdakı mərhələdə magistraturaya hazırlaşan tələbələri nələr gözləyir?
Bu barədə News24.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, magistratura imtahanının ikinci cəhdi birinci cəhdlə müqayisədə bakalavrlar üçün sualları cavablandırmaq baxımından daha əlverişli olacaq:
"Məlum olduğu kimi, birinci və ikinci cəhd arasında kifayət qədər zaman var. Bu müddət ərzində bakalavrlar birinci cəhddə hansı mövzularda zəif olduqlarını və hansı tip suallarda çətinlik çəkdiklərini müəyyənləşdirə bilirlər.
İkinci cəhddə isə həmin mövzular üzərində daha yaxşı hazırlaşmaq və eyni tip sualları daha düzgün cavablandırmaq imkanı əldə edirlər. Bu da sualların ikinci cəhddə birinci ilə müqayisədə daha asan görünməsinə səbəb olur. Düşünürəm ki, bakalavrlar daha ciddi hazırlaşmaqla mövcud nəticələrini daha da yaxşılaşdıra bilərlər.
Ümumiyyətlə, ikinci cəhdin nəticələri birinci cəhdlə müqayisədə daha yaxşı olur. Məsələn, birinci cəhddə 46–47 bal toplayan bakalavr ikinci cəhddə ən azı 50 bal və ya daha yüksək nəticə əldə edə bilirlər. Bununla yanaşı, bəzi hallarda əks vəziyyət də müşahidə olunur. Yəni birinci cəhddə uğurlu nəticə göstərən bəzi bakalavrlar ikinci cəhddə nəticələrini bir neçə bal aşağı sala bilirlər.
Bu isə əsasən arxayınlıq, motivasiyanın azalması və ya imtahana kifayət qədər fokuslanmamaqla bağlı olur. Lakin ümumilikdə hesab edirəm ki, ikinci cəhd bakalavrlar üçün daha əlverişli imkan yaradır".
Mütəxəssis bildirib ki, qarşıda, təxminən, bir ay yarım vaxt var və bu müddətdən düzgün istifadə etmək çox vacibdir:
"Bu vaxtı planlı və səmərəli dəyərləndirənlər uğur qazanmaq şanslarını artırırlar. Eyni zamanda, bu il plan yerlərinin artması da nəzərə alınarsa, bakalavrların qəbul şanslarının daha yüksək olacağı gözlənilir.
Mövcud statistikaya baxsaq, hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qeydiyyatdan keçmiş təxminən 3500 bakalavr var. Ərizə qəbulunun başa çatmasına isə hələ kifayət qədər vaxt qalır.
Düşünürəm ki, ən azı ikinci cəhddə iştirakçı sayı 10.000 nəfərdən çox olacaq və qeydiyyatın sonuna yaxın bu rəqəm daha da arta bilər. Bu isə o deməkdir ki, birinci cəhdlə müqayisədə ikinci cəhddə iştirakçı sayı müəyyən qədər azalsa da, yenə də kifayət qədər yüksək olacaq. Ən azı 10.000–15.000 nəfər iştirakçı gözlənilir ki, bu şəxslərin böyük əksəriyyəti nəticələrini yaxşılaşdırmaq imkanına malik olacaq".