Maşın icarəsi rəqəmsallaşır: Ekspertdən MÜHÜM açıqlama

Maşın icarəsi rəqəmsallaşır: Ekspertdən MÜHÜM açıqlama Sosial

Azərbaycanda avtomobil icarəsi şirkətlərinin fəaliyyətini tənzimləyən və əməliyyatların tam rəqəmsallaşdırılmasını nəzərdə tutan yeni normativ hüquqi akt layihələri hazırlanır. Yeni yanaşma çərçivəsində bazarda vahid qaydaların tətbiqi, xidmət keyfiyyətinin artırılması və proseslərin daha şəffaf təşkili hədəflənir. Gözlənilən tənzimləmələr sahənin rəqəmsal mühitə inteqrasiyasına və istifadəçi məmnuniyyətinin yüksəldilməsinə xidmət edəcək.

Lakin bu yenilik bir çox sualları da gündəmə gətirir. Avtomobil icarəsi onsuz da onlayn həyata keçirilmirdimi? Xidmət keyfiyyətinin yaxşılaşdırılması dedikdə konkret hansı dəyişikliklər nəzərdə tutulur?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırda bu sahədə xidmətlər yalnız qismən onlayndır və vahid platforma mövcud deyil:

"Yeni sistemlə bütün xidmətlər rəqəmsallaşacaq və vahid baza yaradılacaq. Bu həm əməliyyatları sadələşdirəcək, həm də dövlət nəzarətini gücləndirəcək. Əsas məqsəd şəffaflığı artırmaq, avtomobillərin texniki vəziyyətinə nəzarət etmək, müştəri və satıcıların hüquq-vəzifələrini qanunvericiliyə uyğun standartlaşdırmaqdır".

Ekspert əvvəlki sistemdəki boşluqlara da diqqət çəkib. O qeyd edib ki, əvvəllər qeyri-leqal fəaliyyət və qeydiyyatsız əməliyyatlar üstünlük təşkil edirdi:

"Qəza zamanı məsuliyyətin kimin üzərinə düşməsi, sığorta ödənişlərinin verilməsi və zərərin ödənilməsi məsələləri ciddi mübahisələr yaradırdı. Sosial şəbəkələrdəki qiymət ziddiyyətləri isə istehlakçıların aldadılmasına rəvac verirdi. Vahid məlumat bazasının yaradılması ilə bütün şirkətlərin eyni standartlarla işləməsi, avtomobillərin texniki vəziyyəti və sığorta məsələləri ciddi nəzarətə götürüləcək".