Maydan sonra əfv sərəncamı imzalana bilər - Komissiya üzvü

Maydan sonra əfv sərəncamı imzalana bilər - Komissiya üzvü Sosial

Ramazan ayının gəlişi ilə bir çox müsəlman ölkələrində humanizm və mərhəmət mesajları fonunda mühüm qərarlar qəbul edilir. Azərbaycanda da əvvəlki illərdə Novruz bayramı ərəfəsində və ya may ayında Prezident tərəfindən əfv sərəncamları imzalanıb. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi fonunda Prezident İlham Əliyev yeni amnistiya təşəbbüsünü irəli sürüb. Ötən il mayın 26-da da əfv sərəncamı həyata keçirilib.

Bu il də əfv sərəncamının verilib-verilməyəcəyi maraqla gözlənilir.

Məsələ ilə bağlı News24.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanda əfv sərəncamları demək olar, hər il bir dəfə imzalanır və bu, ölkə Prezidenti tərəfindən həyata keçirilir:

"İndiyədək 70-dən çox əfv sərəncamı imzalanıb və bu sərəncamlar vasitəsilə 10 mindən artıq məhkumun hüquqları bərpa edilib. Cəmiyyətdə hər il Novruz bayramı və ya may ayının yaxınlaşdığı dövrlərdə əfv sərəncamı ilə bağlı müəyyən gözləntilər yaranır və insanlar bu barədə fikirlərini ifadə edirlər. Əfv sərəncamının qəbul edilməsi tamamilə ölkə Prezidentinin iradəsindən asılıdır və onun nə zaman veriləcəyi ilə bağlı öncədən konkret bir proqnoz vermək mümkün deyil".

O bildirib ki, ötən il də əfv sərəncamı imzalanıb və hazırda yeni sərəncamın hazırlanması və icrası prosesi başlanmayıb. Bu səbəbdən yaxın vaxtlarda əfv sərəncamı ilə bağlı konkret məlumat vermək düzgün olmaz:

"Ötən il dekabr ayının sonunda Milli Məclis tərəfindən qəbul edilən geniş miqyaslı amnistiya aktı da əfv sərəncamlarına bənzər şəkildə cəzanın yüngülləşdirilməsi və məhkumların hüquqlarının bərpası istiqamətində mühüm addım olub. Onun sözlərinə görə, amnistiya aktının icrası prosesi təxminən 4 ay müddətində davam edir və bu müddət başa çatdıqdan sonra əfv sərəncamı ilə bağlı qərarların verilməsi mümkündür".

Nuriyev vurğulayıb ki, hazırda əfv sərəncamının verilməsi prezidentin qərarına əsaslanır:

"Bu baxımdan, əfv sərəncamının nə zaman veriləcəyi və hansı məhkumlara şamil olunacağı barədə yalnız müvafiq rəsmi açıqlamalardan sonra dəqiq məlumat almaq mümkün olacaq. Yaxın bir ayda əfv sərəncamının imzalanması planlaşdırılmır, lakin maydan sonrakı dövr üçün əfv sərəncamı gözlənilir".