Mədəniyyət missiyası daşıyan dil: tariximizin, mədəniyyətimizin aynası
Sosial
Azərbaycan dili xalqımızın minillik tarixinin, zəngin mədəniyyətinin və mənəvi dünyasının əsas daşıyıcısıdır. Hər bir millətin varlığını təsdiqləyən başlıca amillərdən biri onun dilidir. Dil təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda tarixi yaddaş, düşüncə tərzi, milli psixologiya və mədəni irsin ötürülmə mexanizmidir. Bu baxımdan Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələsi milli kimliyimizin qorunması ilə birbaşa bağlıdır.
Tarix boyu xalqımız müxtəlif siyasi, ictimai və mədəni mərhələlərdən keçsə də, Azərbaycan dili milli varlığımızın sütunu kimi yaşamağı bacarmışdır. Folklordan klassik ədəbiyyata, şifahi xalq yaradıcılığından müasir ədəbi nümunələrə qədər bütün sahələrdə dilimiz xalqın ruhunu, dünyagörüşünü və mənəvi dəyərlərini yaşatmışdır. Məhz bu səbəbdən Azərbaycan dili təkcə milli deyil, həm də ümumbəşəri mədəni dəyər kimi qiymətləndirilməlidir.
Müstəqillik dövründə Azərbaycan dövlətinin həyata keçirdiyi dil siyasəti bu həqiqətin dərin dərk olunmasının nəticəsidir. Son illər ərzində dövlət tərəfindən qəbul edilən qanunlar və digər sənədlər Azərbaycan dilinin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsinə, normativ qaydalara əməl olunmasına və dilimizin saflığının qorunmasına xidmət edir. Bu siyasət dil məsələsini sadəcə mədəniyyət sferası ilə məhdudlaşdırmır, onu milli təhlükəsizlik və ideoloji müstəvi səviyyəsinə qaldırır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında alimlərlə görüşü və çıxışı da dil məsələsinə verilən önəmin bariz nümunəsidir. Dövlət başçısı həmin çıxışında Azərbaycan dilinin elmi əsaslarla inkişaf etdirilməsinin, terminoloji sistemin zənginləşdirilməsinin və dil normalarına ciddi riayət olunmasının vacibliyini xüsusi vurğulamışdır. Prezidentin fikrincə, dilin inkişafı elmin inkişafı ilə paralel getməli, yeni anlayışlar və terminlər milli dilin daxili imkanları hesabına formalaşdırılmalıdır.
Bu yanaşma dilin canlı və dinamik bir sistem olduğunu təsdiqləyir. Azərbaycan dili yalnız qorunmalı deyil, eyni zamanda müasir çağırışlara cavab verə biləcək səviyyədə inkişaf etdirilməlidir. İnformasiya texnologiyaları, qloballaşma və beynəlxalq inteqrasiya şəraitində dilimizin funksional imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dövlətin bu sahədə atdığı addımlar milli kimliyin qloballaşma prosesində itirilməsinin qarşısını alan mühüm amildir.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan və “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklik xüsusi əhəmiyyət daşıyır. Dəyişikliyə əsasən Mədəniyyət Nazirliyinə müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən dil normalarına əməl olunmasına nəzarət etmək, eləcə də Azərbaycan dilinin inkişafını təmin etmək səlahiyyəti verilib. Bundan başqa, Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın isə ölkəmizdə tanıdılması və təbliği də Nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib.
Bu qərar bir daha sübut edir ki, dil məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dilin qorunması yalnız filoloqların və ya mədəniyyət xadimlərinin işi deyil, bu, bütövlükdə dövlətin və cəmiyyətin birgə məsuliyyətidir. Mədəniyyət Nazirliyinə verilən yeni səlahiyyətlər isə dilin təkcə normativ çərçivədə deyil, həm də mədəni mühitdə sistemli şəkildə qorunmasına və inkişafına imkan yaradır.
Azərbaycan dilinin mədəniyyət missiyası həm də onun dünyaya açılan pəncərə olması ilə bağlıdır. Milli ədəbiyyatımızın xarici dillərə tərcüməsi, Azərbaycan dilində yazılmış əsərlərin beynəlxalq arenada tanıdılması xalqımızın mədəni simasının təqdimatı deməkdir. Eyni zamanda, dünya ədəbiyyatının nümunələrinin Azərbaycan dilinə yüksək keyfiyyətlə çevrilməsi dilimizin zənginliyini və ifadə imkanlarını nümayiş etdirir.
Nəticə etibarilə demək olar ki, Azərbaycan dili milli kimliyimizin əsas dayaqlarından biri olmaqla yanaşı, mədəniyyətimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi missiyasını daşıyır. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar bu sahədə ardıcıl və məqsədyönlü dövlət siyasətinin təzahürüdür. Bu siyasətin uğurla həyata keçirilməsi isə yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin dilə olan məsuliyyətli münasibətindən asılıdır. Dilimizi qorumaq, inkişaf etdirmək və təbliğ etmək milli borcumuzdur, çünki dil varsa, millət də var.
Mürtəza Bünyadlı
Məqalə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin həyata keçirdiyi “Dilimizin milli kimliyimizdə rolu: Azərbaycan dilinin mədəniyyət missiyası” layihəsi çərçivəsində hazırlanmışdır.