Meşədən giləmeyvə toplamaq QADAĞANDIR? – Sosial şəbəkələri coşduran cərimə qalmaqalı
Sosial
Rayonlardan birində təbiətdə yabanı şəkildə bitən böyürtkənləri toplayan qadınların cərimələnməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir qisim vətəndaşlar cəriməni əsassız hesab edərək, qadınların təbii şəkildə bitən məhsulu toplamasında heç bir qanunusuzluq olmadığını bildirirlər. Digərləri isə bunun təbiətə və meşə fonduna dair qaydalara zidd olduğunu iddia edirlər.
Məsələ həmçinin illərdir bölgələrdə davam edən ənənəni də gündəmə gətirib. Belə ki, insanlar yabanı şəkildə bitən böyürtkən, moruq, çiyələk və digər meyvələri toplayaraq həm ailələrinin ehtiyaclarını qarşılayır, həm də müəyyən hallarda satışını həyata keçirirlər.
Bəs qanun bu məsələyə necə yanaşır? Vətəndaşın meşədə və ya təbiətdə yabanı şəkildə bitən böyürtkən, moruq və digər meyvələri toplaması üçün icazə tələb olunurmu, yoxsa bu məhsulların yığılması hüquqi məsuliyyət yaratmır?
Məsələ ilə bağlı News24.az-a danışan Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda yabanı meyvə və dərman bitkilərinin toplanması uzun illərdir mövcud olan ənənələrdəndir. Onun sözlərinə görə, son illər bu sahədə tətbiq olunan qaydalar və yanaşmalar insanların narazılığına səbəb olur:
"Azərbaycanda əvvəllər də insanlar təbiətdə yabanı şəkildə bitən böyürtkən, çiyələk, moruq, göbələk və digər məhsulları toplayıblar. Mən özüm də yabanı şəkildə bitən böyürtkən, çiyələk, moruq, göbələk və digər məhsulları toplamağa həvəsliyəm. Lakin zaman dəyişdikcə vəziyyət də dəyişir”.
AİB sədri bildirib ki, qanunvericiliyə əsasən, torpağın üzərində bitən ağac, kol və digər bitkilər həmin ərazinin sahibinə məxsus hesab olunur:
“Ümumiyyətlə, torpağın dörd sahibi var. Dövlət torpaqları, bələdiyyə torpaqları, xüsusi mülkiyyətdə olan torpaqlar və müəyyən müəssisələrə aid ərazilər. Torpağın üzərində nə bitirsə, həmin ərazinin hüquqi sahibinə aid olur. Buna görə də torpaq sahibinin icazəsi olmadan oradakı ağac və kolları kəsmək və ya toplamaq məsələsi hüquqi baxımdan problem yarada bilər. Böyürtkən kolları da hansı torpaqda bitibsə, həmin ərazinin sahibinin mülkiyyətinə və ya istifadəsinə aid ola bilər”.
Eyyub Hüseynov əlavə edib ki, böyürtkən toplayan insanlara müdaxilə ilə bağlı ona çoxsaylı müraciətlər daxil olub. Onun sözlərinə görə, bəzi hallarda bunun quşların qidalanması ilə əlaqələndirildiyi bildirilir:
“ Bəzi hallarda insanlara deyilir ki, guya bunlar quşların qidasıdır və həmin məhsulları toplamaq olmaz. Əgər inzibati qaydalarla bağlı dəyişiklik edilibsə, bu məsələyə aydınlıq gətirilməlidir. Lakin mən Azərbaycanda tarixən mövcud olmuş belə bir ənənənin tamamilə məhdudlaşdırılmasının tərəfdarı deyiləm. Qanun və qaydalar tətbiq edilərkən, bölgələrin yerli xüsusiyyətləri də nəzərə alınmalıdır".
O, Muğan bölgəsində yulğun ağaclarından yanacaq kimi istifadə edilməsini nümunə göstərib:
“Məsələn, Muğan zonasında meşə yoxdur. Bakıdan təxminən 120 kilometr məsafədə yerləşən bəzi kəndlərdə insanlar qazsız qalırlar və uzun illərdir yulğun ağaclarından yanacaq kimi istifadə edirlər. Artıq 10 ildən çoxdur ki, yulğun ağaclarının qırılmasına məhdudiyyət qoyulub. Mənə daxil olan şikayətlərdən birində bir yulğun ağacını kəsdiyinə görə vətəndaşa 2500 manat cərimə yazıldığı bildirilirdi. Bu cür qərarlar qəbul edilərkən insanların real sosial vəziyyəti və regionların xüsusiyyətləri nəzərə alınmalıdır".
AİB sədri hesab edir ki, əhalinin gündəlik ehtiyaclarını nəzərə almadan tətbiq edilən məhdudiyyətlər ciddi narazılıq yarada bilər:
“Əksər hallarda öz ailəsi üçün və ya xırda satış məqsədilə böyürtkən və digər yabanı məhsulları toplayan insanlara şərait yaradılmalıdır. İnsanların sosial vəziyyətinin yaxşı olmadığı indiki şəraitdə belə fəaliyyətin tamamilə məhdudlaşdırılmasını, hətta qanunla nəzərdə tutulsa belə, ədalətli hesab etmirəm. Qaydalar insanların real həyat şəraiti nəzərə alınmaqla tətbiq edilməlidir”.