Məhkumlarla bağlı yeni QANUN: Ödəniş mexanizmi dəyişəcək

Məhkumlarla bağlı yeni QANUN: Ödəniş mexanizmi dəyişəcək Sosial

Milli Məclisdə cərimələrin məcburi tutulması qaydalarında dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb. Hazırda qüvvədə olan qanunvericiliyə görə, məhkum müəyyən edilmiş müddətdə cəriməni ödəmədikdə, məhkəmə hökmü əsasında cərimə onun xüsusi mülkiyyətinə və ya ümumi mülkiyyətdəki payına yönəldilir. Məhkumun əməkhaqqı və ya digər gəlirləri yalnız əmlak cərimənin tam ödənilməsinə yetmədikdə tutulur.

Yeni qanun layihəsində isə cərimənin ilkin olaraq məhkumun əməkhaqqı və ya digər gəlirlərindən çıxılması nəzərdə tutulur. Layihədə qeyd edilir ki, indiki tənzimləmə təcrübədə icra prosesini ləngidir və icra tədbirləri bəzən cərimənin məbləği ilə uyğun olmayan nəticələrə gətirib çıxarır.

Bəs, cərimənin məcburi tutulması qaydalarında dəyişiklik edildikdə, məhkum cəriməni ilk növbədə, hansı mənbədən ödəməli olacaq?

Məsələ ilə bağlı News24.az-a danışan İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan qanunvericiliyi cərimələrin icrası məsələsində kifayət qədər aydın və ardıcıl mövqe ortaya qoyur:

"Cərimə ilkin olaraq könüllü ödəniş üçün təklif olunur. Məhkəmənin müəyyən etdiyi müddət ərzində ödənilmədikdə isə icra mərhələsi başlayır və icra orqanları məcburi çıxarış mexanizmlərini tətbiq edir. Bu zaman öncə məhkumun rəsmi gəlir mənbələrinə yönəlir. Buraya əməkhaqqı, pensiya, təqaüd, bank hesablarındakı vəsaitlər daxildir. Qanunvericilikdə tez-tez işlədilən “başqa qazanc” anlayışı yalnız maaşla məhdudlaşmır. Bu termin geniş məna daşıyır və əməkhaqqından kənar bütün rəsmi, sənədləşdirilmiş gəlirləri əhatə edir. Məsələn, mülki-hüquqi müqavilələr üzrə əldə edilən gəlirlər, sahibkarlıq fəaliyyətindən qazanc, icarə haqları, dividendlər, faiz gəlirləri, müəllif haqları, hətta birdəfəlik satışdan əldə edilən vəsaitlər də bu kateqoriyaya daxildir. Əsas meyar odur ki, gəlir real olsun və hüquqi sənədlərlə təsdiqlənsin".

O vurğulayıb ki, əgər məhkumun rəsmi gəliri yoxdursa və ya həmin gəlirlər cərimənin ödənilməsi üçün kifayət etmirsə, icra prosesi növbəti mərhələyə – əmlaka yönəldilir:

"Bu zaman məhkumun adına olan əmlak və ya əmlak payı müəyyən edilir, üzərinə həbs qoyulur, müstəqil qiymətləndirmə aparılır və daha sonra açıq hərrac yolu ilə satışa çıxarılır. Satışdan əldə edilən vəsait cərimənin ödənilməsinə yönəldilir".

Əliməmməd Nuriyev bildirib ki, bəzən cəmiyyətdə dövlətin əmlakı “mənimsəməsi” ilə bağlı yanlış təsəvvür formalaşır:

"Halbuki hüquqi baxımdan bu, mənimsəmə deyil. Mənimsəmə cinayət hüququ anlayışıdır və tamamilə başqa məna daşıyır. Burada söhbət məhkəmə hökmünün icrasından gedir. Əmlak açıq hərracda satılır və ən yüksək məbləği təklif edən şəxs tərəfindən alınır".

Əliməmməd Nuriyev qeyd edib ki, satışdan əldə olunan məbləğ cərimədən artıq olarsa, artıq qalan hissə tam şəkildə məhkuma qaytarılır:

"Bu da göstərir ki, məqsəd əmlakı ələ keçirmək deyil, məhkəmə qərarının icrasını təmin etməkdir. Bu mexanizmin əsas ideyası maliyyə intizamını və cəzanın icrasını təmin etməkdir. Cərimə alternativ cəza növüdür və onun effektivliyi yalnız könüllü deyil, eyni zamanda məcburi icra imkanları ilə də bağlıdır".