Məşhur sosioloqdan XƏBƏRDARLIQ: - Uşaqlara telefon satmaq qadağan edilməlidir!
Sosial
Smartfonlar həyatımızın mərkəzi halına gələrkən, bu cihazların gənc beyinlərə təsiri də tez-tez müzakirə olunur. İspaniyanın məşhur sosioloqlarından Dieqo Hidalqo mövzu ilə bağlı verdiyi müsahibədə telefonların uşaqlara satılmasına icazə verilməməsi lazım olduğunu söyləyib.
News24.az xəbər verir ki, Kembric Universitetində təhsil alan 40 yaşlı sosioloq Dieqo Hidalqo texnologiya nəhəngləri ilə mübarizəni həyatının ən mühüm hədəfi edib. Hidalgo, "Taking Back Control" adlı yeni kitabında texnologiyanın həyatımıza təsirindən bəhs edir və xüsusilə uşaqların smartfon istifadəsi ilə bağlı mübahisəli açıqlamaları ilə diqqət çəkir.
Hidalqonun sözlərinə görə, uşaqların smartfondan istifadəsi 14 yaşlı uşaqların hətta sürücülük vəsiqəsi olmadan 160 km/saat sürətlə maşın sürməsinə bənzəyir. Məşhur sosioloqun sözlərinə görə, bu vəziyyət həm özləri, həm də başqaları üçün böyük təhlükə yaradır. Sosioloq bu təhlükənin qarşısını almaq üçün radikal bir təklif irəli sürüb: 18 yaşına çatmamış şəxslərə mobil telefon satışının qadağan edilməsi.
Texnologiya asılılığını narkotik asılılığı ilə müqayisə edən Hidalqo mövzu ilə bağlı bunları söyləyib:
“Fərq ondadır ki, texnologiya asılılığı cəmiyyətin demək olar ki, 100%-i tərəfindən paylaşılır. Ona görə də vurduğu zərəri tanımaq daha çətindir. Biz Google-da getdikcə daha əhatəli suallar veririk: Nə hədiyyə almalıyam, necə daha yaxşı valideyn ola bilərəm, uşaqlarımla tətildə nə etməliyəm... Bu da bizim azadlığımızı məhdudlaşdırır".
Hidalqonun fikirləri texnologiyanın həyatımızda rolu ilə bağlı yeni müzakirələrə səbəb olub. Uşaqların və gənclərin texnologiyadan istifadə etməsi ilə bağlı narahatlıqlar artsa da, Hidalqonun tövsiyələri məsələnin ciddiliyini vurğulayır.
Günel Məlikzadə