Məktəblər şagirdlərdən pul yığır? – Kenquru müsabiqəsi ilə bağlı iddialar

Məktəblər şagirdlərdən pul yığır? – Kenquru müsabiqəsi ilə bağlı iddialar Sosial

Bəzi region və paytaxt məktəblərində şagirdlərin Kenquru müsabiqəsində iştiraka məcbur edilməsi ilə bağlı şikayətlər yayılıb. Valideynlər məktəblərin şagirdlərdən 20 manat ödəniş edib müsabiqədə iştirak tələb etdiyini iddia edirlər.

News24.az xəbər verir ki, mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil İnstitutundan (ARTİ) bildirilib ki, institut məktəblərə, direktor və müəllimlərə Kenquru müsabiqəsində iştirakla bağlı hər hansı göstəriş vermək səlahiyyətinə malik deyil.

Qeyd edilib ki, Kenquru beynəlxalq müsabiqədir və yüzdən çox ölkədə keçirilir:

"Müsabiqə, adətən, mart ayının ikinci yarısında təşkil olunur. Lakin Azərbaycanda Novruz bayramı ilə əlaqədar olaraq tarix aprel ayına keçirilir. Bu müsabiqə könüllülük prinsipi əsasında keçirilir və iştirak məcburi deyil. Azərbaycanda iştirak haqqı 20 manat olaraq müəyyən edilib.

ARTİ yalnız müsabiqənin təşkilatçısıdır. Məktəblər tərəfindən müsabiqədə iştirakla bağlı hər hansı şərt və ya tələb qoyulursa, bu, artıq ARTİ-nin məsuliyyətinə aid deyil. Hər bir məktəb şagirdlərinin müxtəlif müsabiqələrdə iştirak etməsini və uğur qazanmasını istəyir. Bu, həm də təhsil müəssisəsinin təlim-tədris səviyyəsini göstərən mühüm amillərdən biridir. Bəzi məktəblərdə bu istiqamətdə müəyyən israrın olması mümkündür.

ARTİ ayrı-ayrı məktəblərin fərdi yanaşmalarını tam nəzarətdə saxlaya bilməz və bu, onun səlahiyyətlərinə daxil deyil".

Qeyd edək ki, iddialarla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə də sorğu ünvanlanıb.

Xatırladaq ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat bu gün saat 15:00-da başa çatıb. (Trend.az)