İmtahandır bu dünyanın dərd-səri... – Stresi kim yaradır, təhsil sistemi, yoxsa valideynlər?

İmtahandır bu dünyanın dərd-səri... – Stresi kim yaradır, təhsil sistemi, yoxsa valideynlər? Sosial

İmtahan dövrü yaxınlaşdıqca minlərlə şagird üçün gərginlik və stress də artır.

Ağır dərs proqramı, ardıcıl hazırlıq məşğələləri, valideynlərin gözləntiləri abituriyentləri həm fiziki, həm psixoloji yükləyir.

Bir çox şagird gün ərzində saatlarla dərs çalışsa da, yenə də imtahan qorxusundan və uğursuz olmaq fobiyasından xilas ola bilmir.

Xüsusilə çoxsaylı fənlər üzrə imtahan vermək məcburiyyəti şagirdlərin həm fiziki, həm də emosional vəziyyətinə təsir edir.

Psixoloqlar da bildirirlər ki, davamlı stress diqqət pozuntusu, yuxusuzluq və motivasiya itkisi kimi problemlərə səbəb ola bilər.

Maraqlıdır, bəs, imtahan stresinin, abituriyentlərin gərginliyinin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı News24.az-a fikirlərini bildirən təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, məktəbdə şagirdlərin dərs yükü ağır olur və onlar müəyyən qədər stress və həyəcan yaşayırlar : "Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər isə həm məktəbdəki dərslər, həm də hazırlıq məşğələləri səbəbindən daha çox stress altında olurlar.

Düşünürəm ki, bunun aradan qaldırılması üçün dərs yükünün azaldılması, eləcə də, qəbul imtahanı formatında müəyyən dəyişikliklərin edilməsi vacibdir. Xüsusilə fənlərin sayının minimuma endirilməsi mövcud vəziyyətdən çıxış üçün ən optimal üsullardan biri ola bilər.

Belə olduğu təqdirdə, şagirdlər ən azı iki və ya üç fəndən imtahan verərək ali təhsil və ya orta ixtisas təhsili almaq imkanı əldə edə bilərlər.

Düzdür, hazırda kolleclərə qəbul zamanı yalnız üç fənn üzrə imtahan keçirilir və buraxılış imtahanının nəticələri əsasında qəbul aparılır. Amma digər ali təhsil müəssisələrinin ixtisas qruplarına qəbul olmaq üçün şagirdlər 6-7 fəndən imtahan verməli olurlar.

Fənlərin sayının çox olması isə şagirdlərdə əlavə gərginlik və psixoloji təzyiq yaradır".

Digər təhsil üzrə ekspert Elmin Nuriyə görə isə, imtahan stressinin azaldılması, bu yöndə hansısa işlərin görülməsinin hansısa nəticəyə gətirib çıxaracağına inanmaq çətindir: "Bu kimi hallar çox nisbi və fərqə görə dəyişən, tam şəkildə subyektiv yanaşma tələb edir. Məsələn, bizim əlimizdə hər hansı cihaz yoxdur ki, onunla nəinki bir məktəbin, hətta o məktəbin daxilində bir sinifdə oxuyan şagirdlərin stressə olan reaksiyası və təsirliliyini ölçə bilək".

Onun sözlərinə görə, şagirdlərdə stressi artıran ən ciddi səbəb universitetə az qala “ölüm-qalım” məsələsi kimi baxmaqlarıdır: "Təəssüf ki, cəmiyyət daxilində universitet yalnız və yalnız seçimlərdən, karyera, ixtisas sahibi olmaq üçün zəruri versiyalardan biri kimi yox, az qala, alternativ həyat kimi dəyərləndirilir. Etiraz etmirik, universitet təbii ki, vacib və ora qəbul olunmaq sözsüz ki, çox müsbət hadisədir. Amma onun "olum ya ölüm" müstəvisinə qaldırılması öncə şagirdlərdə ciddi psixoloji sarsıntı yaşadır.

Abituriyent hazırlıqlara başladığı gündən ta imtahan anına qədər "birdən kəsilsəm, necə edərəm?" sualı üzərində düşünür. Bu sual bütün il boyu şüuraltı yük olaraq onunla gəzir. Bu, hazırlıqlardan da çox ona ikiqat əziyyət verir. Hər şeydən də birincisi, lazımı nəticə olmasa, valideynin ona nə deyəcəyini düşünür. Valideyni düşünmək bu stressin əsas leymotivini təşkil edir. Odur ki, istər imtahan qabağı, istər imtahan zamanı, istərsə d,ə imtahan sonrası stressin həll yolu hər hansı proqram, hər hansı layihə yox, məhz valideynlərdir. Valideyn hər üç zaman dilimində övladının yanında olmalı və nəticədən asılı olmayaraq aşırı dramatizmə getməməlidir. Bu istiqamətdə öncə valideynlər maariflənməlidir ki, onlar övladları ilə ünsiyyətdə daha hazırlıqlı və daha empatiya hissi ilə silahlanmış olsunlar. Çünki biz bu aşamada 17-18 yaşlı həssas şagird psixologiyasından nəsə gözləyə bilmərik", - deyə o qeyd edib.