Pensiyaçılara sevindirici xəbər: Artım olacaq
Sosial
"Azərbaycanda bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq".
News24.az xəbər verir ki, bu barədə Milli Məclisin dekabrın 30-da keçirilən plenar iclasında deputat Vüqar Bayramov məlumat verib.
Deputat bildirib ki, 2025-ci ildə dövlət büdcəsindən sosial yönümlü xərclər üçün ümumilikdə 16,9 milyard manat vəsait ayrılmışdı, 2026-cı ildə də bu siyasət davam edəcək:
"Bu məbləğ büdcə xərclərinin 41 faizindən çoxunu təşkil edir və sosial sahəyə ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artdığını göstərir. 2025-ci ildə orta aylıq əməkhaqqının artım faizi 9,2 faiz olub ki, bu da 2024-cü illə müqayisədə daha yüksək göstəricidir. əməkhaqqındakı bu artım tendensiyasının 2026-cı ildə də davam edəcəyi gözlənilir. Bu artım tempinə uyğun olaraq, bütün növ əmək pensiyalarının da 9,2 faiz indeksləşdirilərək artırılması nəzərdə tutulur".
Deputat vurğulayıb ki, pensiyaların indeksləşdirilməsi və sosial ödənişlərin artırılması əhalinin sosial rifahının gücləndirilməsinə xidmət edir.