Pensiyalarla bağlı yeni təklif: Artım hamıya şamil oluna bilərmi?

Pensiyalarla bağlı yeni təklif: Artım hamıya şamil oluna bilərmi? Sosial

Azərbaycanda əmək pensiyalarının artırılması mexanizminin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər irəli sürülüb. Milli Məclisin İnsan hüquqları komitəsinin ötən gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi müzakirəyə çıxarılıb. Məruzədə pensiya təminatı sahəsində mövcud problemlər və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra təkliflər yer alıb.

Sənəddə xüsusilə əmək pensiyasının minimum məbləği artırılarkən həmin artıma qədər təyin edilmiş bütün pensiya məbləğlərinin də müvafiq qaydada artırılması məsələsinin nəzərdən keçirilməsi təklif olunub.

Maraqlıdır, yeni təklif nəyi hədəfləyir və bu qərar qəbul olunacağı təqdirdə pensiyalarda hansı dəyişiklik olacaq?

Məsələ ilə bağlı News24.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, hazırda ölkədə müəyyən edilmiş minimum pensiya məbləği mövcuddur və bəzi vətəndaşların aldığı pensiya bu məbləğdən daha yüksəkdir. Onun sözlərinə görə, irəli sürülən təklif minimum pensiya artırılarkən digər pensiyaların da eyni faiz nisbətində artırılmasını nəzərdə tutur.

Hüquqşünas izah edib ki, hazırkı qaydalara əsasən minimum pensiya artırıldıqda yalnız pensiyası həmin məbləğdən aşağı olan şəxslərin ödənişi minimum səviyyəyə çatdırılır:

“Bu təklifin mahiyyəti ondan ibarətdir ki, minimum pensiya, məsələn, 5 faiz artırılarsa, minimumdan yüksək pensiya alanların da pensiyası eyni faiz nisbətində artırılsın. Məsələn, minimum pensiya 300 manatdırsa və 5 faiz artırılaraq 315 manata çatdırılırsa, 500 manat pensiya alan şəxsin də pensiyası 5 faiz artırılaraq müvafiq şəkildə yüksəldilsin. Hazırda isə minimum pensiya artırılanda yalnız minimumdan aşağı olan pensiyalar həmin həddə çatdırılır”.

Əkrəm Həsənov qeyd edib ki, bu təşəbbüs sosial baxımdan müsbət olsa da, onun həyata keçirilməsi əlavə maliyyə vəsaiti tələb edir:

“Bu addımın atılması dövlət büdcəsindən xeyli əlavə vəsait ayrılması deməkdir. Mən hesab edirəm ki, hökumət böyük ehtimalla bu təklifi qəbul etməyəcək. Çünki bunun üçün ciddi maliyyə imkanları tələb olunur və bildiyim qədərilə hazırda belə vəsait nəzərdə tutulmayıb. Xüsusilə kiçik məbləğ fərqlərində vətəndaşın bunu hiss etməsi də çətin olur".

Hüquqşünas məruzədə yer alan digər təklifə də toxunub. Onun sözlərinə görə, bəzi hallarda vətəndaşlara pensiya məbləği səhv hesablanaraq artıq ödəniş edilir və sonradan bu məbləğin geri qaytarılması tələb olunur:

“Bəzən Dövlət Sosial Müdafiə Fondu tərəfindən səhvən vətəndaşa artıq pensiya ödənilir. Sonradan isə həmin vəsait ya geri tələb olunur, ya da növbəti aylarda ödəniləcək pensiyalardan tutulur. Təklif edirəm ki, əgər səhv dövlət qurumunun ucbatından baş veribsə və vətəndaşın bunda günahı yoxdursa, həmin məbləğin geri alınması tətbiq edilməsin. Məsələn, 500 manat pensiya alan şəxsə birdən 1000 manat köçürülsə, əlbəttə, bunu anlayar. Amma 500 manatın yerinə 510 manat gəlibsə, vətəndaş bunun fərqində olmaya bilər. Buna görə, səhv dövlət qurumundadırsa, vətəndaşdan həmin vəsaiti geri tələb etmək düzgün deyil. Prinsip etibarilə bu, ədalətli yanaşmadır".