Sabunçu vağzalında eskalatorlar işləmir: ADY-dən AÇIQLAMA
Sosial
Martın 27-dən etibarən paytaxtda müşahidə olunan intensiv yağışlar Bakının bir sıra ərazilərində, xüsusilə Sabunçu Dəmir Yolu Vağzalının qarşısında subasmaya səbəb olub. Nəticədə dəmiryolu vağzalında esklatorların və liftin hərəkətində problem yaranıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları QSC"dən bildirilib ki, hazırda bir çox stansiya və dayanacaqlarda lift (Bakıxanov dayanacağı xaric) və eskalatorlar işlək vəziyyətdədir:
"Sabunçu stansiyasındakı eskalatorlarda nasazlığın aradan qaldırılması üçün təmir işləri davam etdirilir".
Qeyd edilib ki, gələcəkdə oxşar hava şəraitinin yarada biləcəyi risklərin minimuma endirilməsi məqsədilə ADY tərəfindən kompleks tədbirlər planı hazırlanır:
"Bu plan çərçivəsində drenaj sistemlərinin təkmilləşdirilməsi, riskli sahələrin əvvəlcədən müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin gücləndirilməsi nəzərdə tutulur".
"İntensiv yağışlara baxmayaraq, ADY tərəfindən sərnişin və yüklərin təhlükəsiz daşınması tam təmin olunub, əməkdaşlar 7/24 rejimində ərazilərə nəzarət edib, baş verən çətinliklərə operativ müdaxilə olunub. Bəzi sahələrdə müəyyən çətinliklər səbəbindən qrafikdən kənara çıxmalar olsa da, ümumilikdə bütün qatarlar qrafik üzrə hərəkət edib. Yağıntılar zamanı yüksək gərginlik və cərəyan keçirmə ehtimalı nəzərə alınaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi stansiya və dayanacaqlarda lift və eskalatorların fəaliyyəti müvəqqəti dayandırılmışdı", - deyə məlumatda bildirilib.
Nilufər