Səhiyyədə parçalanma problemi: Yeni struktur vəziyyəti dəyişəcəkmi?
Sosial
Məlum olduğu kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. Prezident İlham Əliyev martın 19-da bununla bağlı Fərman imzalayıb. Fərmanla İTSDA və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb.
Yeni yaradılan agentlik Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirəcək, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərəcək.
Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçib.
Bəs bu institusional dəyişikliklər səhiyyənin keyfiyyətinə və vətəndaşların xidmətlərə əlçatanlığına necə təsir edəcək?
Məsələ ilə bağlı News24.az-a danışan tibb sahəsi üzrə ekspert Aydın Əliyev bildirib ki, çoxsaylı nazirlik və komitələrin mövcudluğu həm idarəetmədə dağınıqlığa səbəb olur, həm də dövlət büdcəsinə əlavə yük yaradır:
"Eyni sahədə fəaliyyət göstərən müxtəlif qurumların paralel şəkildə işləməsi effektivliyi azaldır və vətəndaşlar üçün əlavə bürokratik maneələr yaradır. Bir problemi həll etmək üçün bəzən vətəndaşlar bir neçə quruma müraciət etməli olurlar. Bu isə həm vaxt itkisinə, həm də sistemdə qeyri-effektivliyə səbəb olur".
Ekspertin fikrincə, müvafiq nazirlik və komitələrin birləşdirilməsi bu problemlərin aradan qaldırılmasına ciddi töhfə verə bilər:
"Struktur islahatları nəticəsində idarəetmədə daha çox çeviklik və operativlik təmin olunacaq, qərarların icrası sürətlənəcək. Ölkədə siyasi və sosial islahatların aparılması ilə bağlı çağırışlar artıq bir neçə ildir gündəmdədir və bu istiqamətdə müəyyən addımlar da atılıb. 2018-ci ildə səhiyyə sahəsində aparılan dəyişikliklər, TƏBİB-in yaradılması və bəzi funksiyaların ayrılması müəyyən nəticələr versə də, hazırda bu modelin yenidən nəzərdən keçirilməsinə ehtiyac yaranıb".
Onun fikrincə, səhiyyə sistemində parçalanmanın aradan qaldırılması üçün TƏBİB və Səhiyyə Nazirliyinin yenidən vahid strukturda birləşdirilməsi daha məqsədəuyğun ola bilər:
"Bu həm resursların daha səmərəli idarə olunmasına, həm də xidmət keyfiyyətinin yüksəldilməsinə şərait yarada bilər. Oxşar yanaşma digər sahələrdə də tətbiq olunsa, dövlət idarəçiliyində optimallaşdırma prosesi sürətlənər və bir çox sistemli problemlər öz həllini tapar".