Sənədsiz evlərlə bağlı hökumətdən sərt qərar – VİDEO
Sosial
Sənədsiz və qanunsuz tikilən evlərə kommunal xidmətlərin göstərilməsi artıq qadağandır.
News24.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Xəzər TV və “Report”a müsahibəsində deyib.
O qeyd edib ki, 2024-cü ildə Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə qanunsuz və sənədsiz evlərə su, qaz və elektrik xətlərinin çəkilməsi qadağan edilib və bu qaydanın pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur.
“Bu qərar yalnız su təchizatı ilə bağlı deyil, ümumilikdə bütün kommunal xidmətləri əhatə edir. Təbii ki, bu, müəyyən mənada stimullaşdırıcı amillərin azalmasına səbəb olacaq. İnsanlar düşünəcəklər ki, əgər ev sənədsizdirsə, oraya nə su, nə qaz, nə də elektrik veriləcək. Bu da qərarlarına təsir göstərə bilər”, – deyə o bildirib.
Agentlik sədri vurğulayıb ki, yalnız bu tədbirlə problemin tam həllini gözləmək düzgün deyil:
“Bunu düşünmək bir qədər sadəlövhlük olardı. Burada Torpaq Məcəlləsi, torpaqdan istifadə qaydaları və tikintiyə icazə mexanizmləri də mühüm rol oynayır. Digər dövlət qurumları da bu prosesdə aktiv iştirak etməlidir. Əslində, bu mexanizmlər vaxtında işləmədiyi üçün bu gün bu problemlərlə üzləşirik”.
Zaur Mikayılov əlavə edib ki, yeni qayda müəyyən təsir göstərsə də, vətəndaşlar alternativ yollar tapa bilərlər:
“İnsanlar suyu maşınla gətirə və ya digər mənbələrdən istifadə edə bilərlər. Ona görə də nəzarət yalnız kommunal xidmətlərlə məhdudlaşmamalıdır. Digər qurumlar da koordinasiyalı şəkildə işləməli və qanunsuz tikililərin inşasına ümumiyyətlə imkan verilməməlidir”.
Onun sözlərinə görə, bu qərardan sonra yeni qanunsuz tikililərin sayında azalma gözlənilir. Lakin əsas problem artıq mövcud olan sənədsiz evlərlə bağlıdır və onların taleyi də ayrıca həllini tapmalıdır.