Sosial şəbəkədə "arıqlama" tələsi: Saxta profillər və təhlükəli dərmanlar – AÇIQLAMA

Sosial şəbəkədə "arıqlama" tələsi: Saxta profillər və təhlükəli dərmanlar – AÇIQLAMA Sosial

Müasir dövrdə sağlam bədən çəkisinin qorunması həyat keyfiyyətinə birbaşa təsir edən fundamental amillərdən biridir. İstər artıq çəkidən qurtulmaq, istərsə də çəki artıraraq daha balanslı görünüş əldə etmək istəyi düzgün qidalanma, aktiv həyat tərzi və psixoloji sabitlik üzərində qurulmalıdır. Lakin bu proses təkcə fərdi iradə ilə deyil, həm də sosial-iqtisadi faktorlarla sıx bağlıdır. Sağlam qidalanmanın baha olması və mütəxəssis dəstəyinin hamı üçün əlçatan olmaması bir çox insanı daha ucuz, lakin təhlükəli seçimlərə sövq edir.

Məhz bu boşluqdan istifadə edən saxta mütəxəssislər insanların sağlamlığını ciddi risk altına atır. Məsələnin tibbi və sosial tərəflərini araşdırmaq üçün mütəxəssislərin rəyini öyrəndik.

"Qara sistem" və saxta marafonlar

Dietoloq Ləman Süleymanova News24.az-a açıqlamasında bildirib ki, hazırda sosial şəbəkələrdə tibbi anlayışı olmayan şəxslər tərəfindən idarə olunan geniş bir şəbəkə formalaşıb:

"Evdə oturaraq saxta profillər vasitəsilə insanları müxtəlif "arıqlama marafonlarına" cəlb edənlər çoxalıb. Bundan əlavə, bəzi dərman şirkətləri gəncləri vasitəçi kimi istifadə edərək "Instagram" kimi platformalarda mənşəyi məlum olmayan arıqladıcı kokteyllər və çaylar satırlar. Bu, faktiki olaraq bir "qara sistem"dir".

Həkimlərin məsuliyyəti və təhlükəli iynələr

L.Süleymanovanın sözlərinə görə, təəssüf ki, bəzən peşəkar həkimlər də bu prosesin bir hissəsinə çevrilirlər. Xüsusilə arıqladıcı iynələrin fəsadları barədə ciddi xəbərdarlıq edən mütəxəssis qeyd edib ki, bu vasitələr daxili orqanlara, hormonlara və reproduktiv sistemə bərpaolunmaz zərər vurur:

"Arıqladıcı iynələr kişilərdə cinsi zəifliyə, qadınlarda isə yumurtalıqların fəaliyyətinin pozulmasına səbəb ola bilər. Sağlamlıqla bağlı hər hansı siqnal – istər sürətli kökəlmə, istərsə də çəki itkisi – orqanizmin xəbərdarlığıdır. Müalicə mütləq fərdi qaydada, pasiyentin yaşı, iqlim şəraiti və həyat tərzi nəzərə alınaraq mütəxəssis tərəfindən təyin edilməlidir".

"Xəstəlik deyil, çox yemək kökəldir"

Mövzu ilə bağlı News24.az-a danışan endokrinoloq Zaur İslamov əhalinin endokrin xəstəliklər və çəki artımı ilə bağlı yanlış təsəvvürlərə malik olduğunu vurğulayıb:

"Pasiyentlər çox vaxt elə hesab edirlər ki, çəki artımı hansısa xəstəlikdən və ya qəbul edilən dərmanlardan asılıdır. Lakin təcrübəmə əsasən deyə bilərəm ki, əksər hallarda kökəlmənin əsas səbəbi lazım olduğundan artıq qida qəbuludur. İnsanlar çox vaxt nə qədər çox yediklərinın fərqində olmurlar".

Mütəxəssis əlavə edib ki, hər hansı şübhə yarandıqda mülahizə yürütmək əvəzinə, həkimə müraciət edərək problemin kökünü elmi yollarla araşdırmaq ən düzgün çıxış yoludur.