Taksi fəaliyyəti ilə bağlı yenilik: Gediş haqqı dəyişəcək?
Sosial
Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün sığorta ödənişlərində dəyişiklik edilib. Yeni qaydaya əsasən, minik avtomobilləri taksi kimi istifadə olunduqda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə illik sığorta haqqının hesablanmasında 1.5 əmsalı tətbiq olunacaq.
Bəs yeni artım taksidə gedişhaqqı qiymətlərinə necə təsir edəcək?
Məsələ ilə bağlı News24.az-a danışan hüquqşünas Ərşad Hüseynov bildirib ki, artım təxminən 50 faiz təşkil edir. Onun sözlərinə görə, əvvəl sığorta üçün 100 manat ödəniş edən taksi sahibi indi təxminən 150 manat ödəməli olacaq, 120 manat ödəyənlər üçün isə bu rəqəm 180 manata yüksəlir:
"Burada vacib məqam sığortanın illik əsasda bağlanmasıdır. Bu sığorta bir illik müqavilədir və ödəniş də birdəfəlik edilir. Yəni sürücülər bu məbləği aylıq deyil, il ərzində yalnız bir dəfə ödəyirlər. Ona görə də ümumi məbləğ ilk baxışda yüksək görünsə də, 365 günə bölündükdə ciddi maliyyə yükü yaratmır”.
Ərşad Hüseynovun fikrincə, məhz bu səbəbdən sığorta haqqındakı artımın taksi xidmətlərinin qiymətlərinə birbaşa və ciddi təsiri gözlənilmir:
"Taksi tariflərinin artması daha çox ümumi iqtisadi amillərlə bağlıdır. Dünyada və ölkədə inflyasiya gedir, gündəlik tələbat mallarının, xüsusilə ərzaq məhsullarının qiyməti artır. Bu baxımdan xidmət haqlarının da mərhələli şəkildə yüksəlməsi normaldır. Taksi xidmətlərində də artım mümkündür, amma bu, sığorta haqqındakı dəyişiklikdən daha çox ümumi iqtisadi proseslərlə bağlı olacaq”.
Hüquqşünas vurğulayıb ki, sığorta xərcləri taksi fəaliyyəti üçün ümumi xərclər paketində böyük paya malik deyil və buna görə də tariflərin formalaşmasında həlledici faktor hesab olunmur.