Taksilər avtobus zolağına buraxılacaq? Ekspert və AYNA-dan mühüm açıqlama

Taksilər avtobus zolağına buraxılacaq? Ekspert və AYNA-dan mühüm açıqlama Sosial

Bir sıra ölkələrdə xüsusi nişanlanmış taksilərə avtobus zolaqlarından istifadə etməyə icazə verilir. Bu yanaşma sərnişinlərin mənzil başına daha tez çatmasına şərait yaradır. Paytaxtda müşahidə olunan yol tıxacları isə belə bir təcrübənin Azərbaycanda tətbiqi məsələsini gündəmə gətirir. Maraqlıdır, bu qayda ölkəmizdə də tətbiq oluna bilərmi? Tətbiq edilərsə, hansı formada mümkündür?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, xarici ölkələrin təcrübəsində taksilərin avtobus zolaqlarından istifadəsinə rast gəlinir, lakin bu imkan bütün taksilərə şamil edilmir:

“Bu qayda yalnız vahid rəngə və ya vahid tanınma nişanlarına malik taksilərə aid edilir. Düşünürəm ki, xarici ölkələrdə tətbiq olunan bu yanaşma gələcəkdə Azərbaycanda da reallaşdırıla bilər. Lakin hazırda mobilliyin transformasiyası prosesi gedir və bir sıra layihələr icra olunur”.

Ekspert qeyd edib ki, hazırda parklanmanın idarə edilməsi, zona-saatlılıq sisteminin tətbiqi və rəqəmsal həllərin istifadəsi prioritet təşkil edir:

“Bu layihələrə ayrılmış avtobus zolaqları, mikromobillik zolaqları, taksi islahatlarının aparılması və avtoparkların yenilənməsi daxildir. Eyni zamanda, AYNA tərəfindən istifadəyə verilən "Azparking" mobil tətbiqi, eləcə də mobilliyin idarə olunması və səfərlərin planlaşdırılması üçün nəzərdə tutulan "AYNA MaaS" tətbiqi mühüm əhəmiyyət daşıyır”.

Rauf Ağamirzəyevin sözlərinə görə, böyük ehtimalla gələn ildən taksilərlə bağlı kvota mexanizminin tətbiqi gündəmə gələcək:

“Say olaraq 25 min avtomobil nəzərdə tutulur. Lakin iş sisteminin tənzimlənməsi nəticəsində bu nisbət 1-ə 3 olacaq. Yəni bir avtomobildə üç sürücünün çalışması mümkün olacaq ki, bu da ümumilikdə 75 min sürücünün fəaliyyət göstərməsinə imkan yaradacaq”.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev

Ekspert vurğulayıb ki, taksilərin avtobus zolaqlarından istifadəsi gündəmdə deyil:

“Hazırda əsas məqsəd avtobusların fasiləsiz hərəkətinin təmin olunmasıdır. Bir avtobusun daşıdığı 80–100 sərnişinin daha sürətli mənzil başına çatdırılması prioritetdir. Ayrılmış avtobus zolaqları avtomobillə deyil, məhz avtobusla hərəkəti stimullaşdıran əsas vasitədir. Bu zolaqlarda taksilər üçün yalnız minib-düşmə nöqtələri müəyyən edilib və hazırda bu mexanizm tətbiq olunur. Gələcəkdə belə nöqtələrin sayının artırılması da nəzərdə tutulur. Ümumilikdə isə taksilərin avtobus zolağı ilə hərəkətinə icazə verilməsi hazırda müzakirə mövzusu deyil”.

Mövzu ilə bağlı sorğumuza cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobus zolaqlarının təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təmin edilməsinə xidmət edir:

“Avtobus zolaqlarına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Bu zolaqlara daxil olan minik avtomobilləri onlarla avtobusun hərəkətinə, nəticədə minlərlə sərnişinin vaxtında təyinat yerinə çatmasına mane olur. Taksi nəqliyyat vasitələrinin avtobus zolaqlarından istifadəsi məsələsi hazırda müzakirə edilmir”.