Təhsildə süni intellekt: Yeni ixtisaslar və gələcək imkanlar - Açıqlama

Təhsildə süni intellekt: Yeni ixtisaslar və gələcək imkanlar - Açıqlama Sosial

Son illər süni intellekt (AI) ölkəmizdə həm elm, həm də təhsil sahəsində diqqət mərkəzinə çevrilib. Texnologiyaların sürətlə inkişafı və əmək bazarında yeni bacarıqlara tələbat, ali təhsil sistemində fundamental dəyişikliklərin qaçılmaz olduğunu göstərir. Hazırda süni intellekt sahəsində ixtisasların və proqramların məhdudluğu gənclərin hazırlıq səviyyəsinə və gələcək karyera imkanlarına müəyyən çətinliklər yaradır.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da bu yaxınlarda çıxışı zamanı bildirib ki, yaxın illərdə tədris sistemində süni intellekt əsaslı yeni ixtisas və proqramların yaradılması planlaşdırılır.

Mövzu ilə bağlı News24.az-a danışan təhsil eksperti Elçin Əfəndi süni intellekt əsaslı ixtisasların yaradılması, gələcək fəaliyyəti və əhatə edəcəyi sahələr haqqında danışıb.

O bildirib ki, hazırda Azərbaycanda süni intellekt üzrə ayrıca bakalavr ixtisası mövcud deyil və bu sahə əsasən magistratura səviyyəsində tədris olunur:

“Hazırda ölkəmizdə ali təhsil müəssisələrində süni intellekt üzrə ayrıca bakalavr ixtisası yoxdur. Bu sahə üzrə təhsil əsasən magistratura pilləsində mümkündür. Magistraturada süni intellekt ixtisasına daha çox kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili almış şəxslər qəbul olunurlar.

Digər ixtisaslardan məzun olanlar isə birbaşa texniki süni intellekt proqramına deyil, daha çox MBA istiqamətində – biznesin idarə edilməsində süni intellekt tətbiqləri üzrə təhsil ala bilirlər”.

Mütəxəssis bakalavr səviyyəsindəki vəziyyətdən də danışıb:

"Bakalavr pilləsində isə hazırda kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi kimi ixtisaslar mövcuddur. Bu ildən etibarən proqram təminatı mühəndisliyi istiqaməti üzrə də kadr hazırlığına başlanılması gözlənilir. Eyni zamanda ötən ildən data analitikası ixtisası da açılıb. Bu sahə süni intellekt üçün vacib olan verilənlər bazasının hazırlanması və məlumatların təhlili baxımından mühüm əhəmiyyət daşıyır. Gələcəkdə bu istiqamətdə daha çox kadr hazırlanması nəzərdə tutulur".

Ekspert süni intellekt əsaslı ixtisas və proqramların arzu olunan olduğunu vurğulayıb:

"Arzu olunan hal ondan ibarətdir ki, ali təhsil müəssisələrində süni intellekt ayrıca bir bakalavr ixtisası kimi yaradılsın. Hazırda bu sahə əsasən kompüter elmlərinin tərkibində tədris olunur. Halbuki ayrıca ixtisas kimi fəaliyyət göstərməsi daha məqsədəuyğun olardı".

Elçin Əfəndi bu ixtisaslarda hansı bacarıqlara sahib tələbələrin təhsil ala biləcəyi məsələsinə də toxunub:

"Süni intellekt sahəsində təhsil almaq üçün güclü riyazi baza, analitik düşüncə və informatika bilikləri vacibdir. Buna görə də bu istiqamət daha çox texniki sahələr üçün nəzərdə tutulur və humanitar ixtisas sahibləri bakalavr səviyyəsində bu sahəyə yönələ bilmirlər".

Elçin Əfəndi yaxın 5–6 il ərzində digər ixtisaslarla inteqrasiya olunmuş süni intellekt proqramlarının da tətbiqinin mümkün ola biləcəyini qeyd edib.

"Bu həm texniki, həm də digər sahələrdə yeni imkanlar yarada bilər",- deyə o qeyd edib.

Gülçin Abdullayeva