Uçuş məhdudiyyətləri və risklər: Turizmdə yeni vəziyyət

Uçuş məhdudiyyətləri və risklər: Turizmdə yeni vəziyyət Sosial

Son dövrlərdə dünyada baş verən siyasi və təhlükəsizliklə bağlı gərginlik turizm sektoruna da təsirsiz ötüşmür. Qlobal qeyri-müəyyənlik artdıqca insanların səyahətə yanaşması dəyişir, planlaşdırma zamanı risk amili daha ciddi nəzərə alınır. Əvvəllər rahatlıqla seçilən istiqamətlər artıq təhlükəsizlik, sabitlik və logistika baxımından daha diqqətlə qiymətləndirilir.

Turizm şirkətləri də dəyişən şəraitə uyğunlaşmağa çalışır. Bir çox operatorlar proqramlarını yenidən nəzərdən keçirir, alternativ marşrutlar formalaşdırır və müştərilərə daha çevik seçimlər təqdim edirlər. Bu səbəbdən turistlərin böyük hissəsi hazırda daha yaxın və təhlükəsiz hesab olunan ölkələrə üstünlük verir.

Bəs qlobal gərginlik turizm sektoruna ümumilikdə necə təsir edir?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən turizm üzrə ekspert Əziz Şiriyev bildirib ki, hazırda dünya üzrə turizm sahəsində vəziyyət tam stabil deyil və mövcud gərginlik sektora birbaşa təsir göstərir. Onun sözlərinə görə, turizm həssas sahə olduğu üçün istənilən risk və ya qeyri-müəyyənlik ilk növbədə səyahət axınında özünü göstərir.

Ekspert xüsusilə hava nəqliyyatında yaranan məhdudiyyətlərin və bəzi uçuşların təxirə salınmasının turistlərin hərəkətinə təsir etdiyini vurğulayıb:

“Turizm həssas sahədir və istənilən risk dərhal bu sahədə hiss olunur. Xüsusilə hava yollarında məhdudiyyətlərin tətbiqi və bəzi uçuşların təxirə salınması səyahət axınına birbaşa təsir edir”.

Onun sözlərinə görə, uçuşlar təxirə salındıqda turistlər müəyyən müddət müxtəlif ölkələrdə qalmalı olur və bu zaman onların təhlükəsizliyi əsas məsələlərdən birinə çevrilir:

“Belə hallarda həmin ölkələr turistlərə maksimum dəstək göstərməyə, onların təhlükəsizliyini təmin etməyə və zəruri hallarda təhlükəsiz şəkildə təxliyəsini həyata keçirməyə çalışırlar”.

Bununla yanaşı, ekspert insanların səyahət etmək istəyinin tam dayanmadığını da vurğulayıb. Onun sözlərinə görə, hazırda səfərlər əsasən təhlükəsiz hesab olunan istiqamətlər üzrə davam edir:

“Türkiyə, Asiya və Avropa ölkələri, eləcə də ölkədaxili marşrutlar üzrə turlar plan üzrə həyata keçirilir”.

Digər istiqamətlərə gəldikdə isə, ekspert onların hələlik gözləmə mərhələsində olduğunu bildirib:

“Yaxın aylarda qlobal vəziyyət sabitləşərsə, həmin istiqamətlər üzrə turların da tədricən bərpa olunacağı gözlənilir”.