Xəzərdəki ard-arda zəlzələlər nəyin xəbərçisidir? - Seysmoloqdan VACİB AÇIQLAMA
Sosial
Bu gün səhər satlarından Xəzər dənizində ard-arda zəlzələlər qeydə alınır. Ötən gün isə 5,2 bal gücündə baş vermiş zəlzələ ölkənin bir sıra ərazilərində hiss edilmişdi. Bir neçə gündür, ard-arda təkrarlanan yeraltı təkanlar insanların narahatlığına səbəb olub.
Maraqlıdır, dayanmayan yeraltı təkanlar nəyin xəbərçisidir? Xəzər dənizində nə üçün ard-arda zəlzələlər baş verir? Yeraltı təkanlar nə vaxta kimi davam edəcək?
Bu barədə News24.az - a açıqlama verən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, narahatlığa heç bir əsas yoxdur:
"Xəzər dənizində baş verən təkanların davam edəcəyini qeyd etmişdim. Çünki Xəzərin cənub hissəsində gərginliklər toplanıb. Həmçinin İran blokunun şimal-şərq istiqamətində hərəkəti və Azərbaycanın cənub hissəsinin həmin blokları sıxışdırması nəticəsində gərginlik yaranıb.
Ayın 8-dən bu günə qədər xırda təkanlar müşahidə olunub. Ən güclü təkan 5,2 maqnitudalı zəlzələ olub. Bu proseslər dərinlik qırılmaları boyunca parçalanmaların getdiyini göstərir. Yəni baş verənlər davamlı xırda təkanlarla müşayiət olunan zəlzələlərdir. İranın cənub blokundan gələn dərinlik qırılmaları Astara və Lənkəran istiqamətində də davam edəcək".
"Hər zaman qeyd etdiyim kimi, əhalinin narahat olmasına heç bir səbəb yoxdur. Dünən və ondan əvvəlki günlərdə də xırda təkanlar qeydə alınıb. Bir sözlə, seysmik zona fon səviyyəsinə qayıdana qədər xırda avterşoklar davam edəcək. Həmin ərazidə katastrofik, dağıdıcı zəlzələnin baş verməsi ehtimalı yoxdur.
Bununla belə, hər bir xırda təkan zamanı enerji boşalması baş verir və bu proses müvəqqəti xarakter daşıyır. Qısacası, narahatlığa heç bir əsas yoxdur", - deyə o qeyd edib.