İxtisas seçimi “biznesə” çevrilib – Abituriyentlər niyə qərarı başqalarına həvalə edirlər?

İxtisas seçimi “biznesə” çevrilib – Abituriyentlər niyə qərarı başqalarına həvalə edirlər? Sosial

Azərbaycanda qəbul imtahanları dövrü yaxınlaşdıqca abituriyentlərin qarşısında dayanan ən mühüm mərhələlərdən biri də ixtisas seçimidir. Son illər isə bu proses ətrafında yeni bir tendensiya formalaşıb. Belə ki, sosial şəbəkələrdə və müxtəlif platformalarda özlərini “təhsil eksperti” kimi təqdim edən şəxslər abituriyentlərə ixtisas seçimi ilə bağlı ödənişli xidmətlər təklif edirlər. İmtahana hazırlıqdan tutmuş nəticələrə uyğun ixtisasın müəyyənləşdirilməsinə qədər uzanan bu xidmətlər fərdi konsultasiya formatında təqdim olunur və qiymətləri adətən 200–250 manat civarında dəyişir.

Cəmiyyətdə formalaşmış “ekspert daha yaxşı bilər” düşüncəsi, yanlış seçim etmək qorxusu, valideynlərin təzyiqi və sosial müqayisə kimi amillər isə bir çox gənci bu xidmətlərə üz tutmağa sövq edir. Nəticədə abituriyentlərin bir qismi gələcək həyat yolunu müəyyən edən ixtisas seçimi kimi mühüm qərarı öz maraq və istəklərindən çox, kənar məsləhətlərə əsaslanaraq verir.

Bu isə təbii olaraq bir sualı aktuallaşdırır. Əgər ixtisas seçimi üçün zəruri məlumatlar açıq mənbələrdə mövcuddursa və texniki baxımdan proses kifayət qədər sadədirsə, niyə abituriyentlər bu qərarı özləri vermək əvəzinə onu başqalarına həvalə etməyə üstünlük verirlər?

Məsələ ilə bağlı News24.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, bu, uzun illər ərzində Azərbaycanda formalaşmış bir ənənədir:

"Ümumiyyətlə, elə şəxslər var ki, onlar həm təhsil eksperti kimi fəaliyyət göstərir, həm də eyni zamanda kodlaşdırma prosesində iştirak edirlər. Təbii ki, bu, qarşılıqlı istək nəticəsində baş verən bir prosesdir. Yəni burada insanlar öz seçimlərini edərək belə addımlar atırlar və bu cür qərarlar verirlər. Əslində isə vətəndaşlar bunu özləri də edə bilərlər, sadəcə bu yanaşma artıq müəyyən mənada formalaşıb.

Hesab edirəm ki, prosesin bu şəkildə getməsinin əsas səbəbi də məhz budur. Yəni bəzi insanlar başqa yollarla məsləhət qazanmaq imkanına malik olmadıqları üçün bu addımı atırlar. Onlar başqa cür özlərini təmin edə bilmədiklərinə görə, belə bir seçim edirlər və bu yolu seçirlər. Bu da məsələnin kökündə duran əsas səbəblərdən biridir. Mən düşünürəm ki, burada ciddi bir problem yoxdur".

Deputat ixtisas seçimini nə üçün abituriyentlərin özlərinin etməməsinə də aydınlıq gətirib:

"İnsanların bunu niyə özlərinin etməməsi ayrıca bir müzakirə mövzusudur. Hesab edirəm ki, insanlar bunu özləri də edə bilərlər və bu, tam mümkündür. Sadəcə olaraq, bu artıq formalaşmış bir stereotipdir və onun dəyişməsi o qədər də asan deyil.

Əslində burada ciddi bir çətinlik yoxdur. Sadəcə insanlar səhv etməkdən qorxur, narahat olurlar və buna görə də belə yanaşmaya üstünlük verirlər. Halbuki, insanlar bunu özləri də rahatlıqla edə bilərlər".

Mövzu ilə bağlı sorğumuza cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, bəzi şəxslər, xüsusilə onlayn platformalar istifadəçilərin müəyyən fərdi məlumatlarını (topladığı bal, iş nömrəsi, telefon nömrəsi, ad, soyad və s.) toplamağa cəhd edirlər:

"Abituriyentlər və onların valideynləri diqqətli olmalıdırlar. Abituriyentlər DİM-in xidmətlərindən istifadə zamanı onlara təqdim olunan iş nömrəsi, həmçinin “Şəxsi kabinet”ə aid ola biləcək məlumatların məxfiliyinin qorunub saxlanılmasına birbaşa məsuliyyət daşıyırlar. Ona görə də abituriyentlər öz şəxsi məlumatlarının hər hansı bir formada istifadəsi zamanı ayıq-sayıq olmalıdırlar.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir".

Qurumdan bildirilib ki, DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr ediləcək:

"Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapacaq. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri də dərc olunacaq. Həmçinin hər bir ixtisas qrupu üzrə ümumi nəticələrlə bağlı Mərkəzin rəhbərliyinin birbaşa iştirakı ilə tövsiyə videoları hazırlanır və sosial şəbəkə hesablarımızda paylaşılır. Hər bir abituriyent özü bu işi həyata keçirə bilər.

Abituriyentlər, həmçinin hər hansı bir çətinlikləri olduqda, Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, və Bakıda Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Dövlət Neft və Sənaye Universiteti və ya Milli Konservatoriya yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər".

"Dövlət İmtahan Mərkəzi yuxarı sinif şagirdləri üçün “Peşə seçimi" alətindən yararlanmaq imkanı təqdim edib. Ayda bir dəfə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçirilir. “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Abituriyentlər bu testlərdən keçməklə gələcək ixtisaslarını müəyyən edə bilərlər. Bu testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib.

Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir. Abituriyentlərə bu fürsətdən də yararlanmağı tövsiyə edirik", - deyə DİM-dən bildirilib.