Yeni il ərəfəsində qızıl bahalaşacaqmı? Bazardan gözləntilər

Yeni il ərəfəsində qızıl bahalaşacaqmı? Bazardan gözləntilər Sosial

Yeni il bayramına sayılı günlər qalıb. Bu dövrdə insanlar bir-birilərinə hədiyyə alarkən müxtəlif seçimlərə üz tuturlar ki, onların arasında qızıl zinət əşyaları da xüsusi yer tutur. Bəs, görəsən, bayram ərəfəsində qızılın qiymətində hər hansı dəyişiklik gözlənilirmi?

Mövzu ilə bağlı News24.az-a açıqlama verən "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov qeyd edib ki, son illərdə sikkə və külçə formasında qızılın hədiyyə edilməsi hallarında da artım müşahidə olunur və bu da qızılın investisiya xarakterinin gücləndiyini göstərir:

"Bununla yanaşı, əmtəə bazarlarında qeydə alınan qiymət artımları alıcılıq qabiliyyətinə birbaşa təsir göstərir və istehlakçı davranışlarında müəyyən dəyişikliklər yaradır. Nəticə etibarilə bazarda daha çox qiymət baxımından əlçatan, çəkisi və əyarı nisbətən aşağı olan qızıl məmulatlarına üstünlük verilməsi müşahidə olunur. Bu da tələbatın strukturunda mühüm dəyişikliklərə səbəb olur".

Rövşən Əmircanov bayram ərəfəsi insanların qızıla olan təlabatından da söz açıb:

"Bayram ərəfəsində qızıla olan tələbat ölkəmizdə, bir qayda olaraq, stabil artım tendensiyası nümayiş etdirir. Bu artım əsasən ailəvi tədbirlərin, xüsusilə toy və nişan mərasimlərinin intensivləşməsi ilə əlaqədardır. Statistik müşahidələr göstərir ki, zərgərlik bazarında ümumi satışların təxminən 60–70 faizi məhz toy mərasimləri hesabına formalaşır. Tələbatın bu şəkildə artması bazarda dövriyyənin genişlənməsinə şərait yaradır və nəticə etibarilə qiymətlərin yüksəlməsi və ya mövcud yüksək səviyyədə saxlanılması ilə müşayiət olunur.

Bununla belə, daxili bazarda qiymətlərin formalaşmasında əsas həlledici faktor beynəlxalq bazarlarda qızılın qiymətində baş verən dalğalanmalardır və yerli tələbat daha çox bu proseslərin fonunda təsirini göstərir.

Qızılın qiymətlərində müşahidə olunan artım fonunda alternativ qiymətli metallara, xüsusilə gümüşə marağın artması da diqqət çəkir. Gümüş daha əlçatan qiymətə malik olması ilə yanaşı, həm zinət əşyası, həm də investisiya aləti kimi istifadə imkanlarına görə istehlakçılar üçün cəlbedici seçim hesab olunur. Son dövrlərdə dünya bazarlarında gümüşün qiymətində də artım tendensiyası qeydə alınır ki, bu da daxili bazarda gümüş məmulatlarına olan tələbatın yüksəlməsinə səbəb olur. Nəticədə müəyyən istehlakçı qrupları qızıl əvəzinə gümüş məhsullara üstünlük verir və bu hal qiymətli metallar bazarında nisbi balansın formalaşmasına təsir göstərir".

Sədr müavini qeyd edib ki, dünya bazarlarında qızılın qiymətində qeydə alınan artım yerli bazara birbaşa təsir göstərən əsas amillərdən biridir:

"Qızıl beynəlxalq birjalarda formalaşan qiymətlər əsasında idxal olunduğu üçün qlobal miqyasda baş verən bahalaşma onun daxili bazardakı maya dəyərinin artması ilə nəticələnir. Qlobal inflyasiya təzyiqləri, geosiyasi risklərin artması, maliyyə bazarlarında qeyri-müəyyənliyin dərinləşməsi və faiz dərəcələri ilə bağlı dəyişikliklər investorların qızıla marağını artırır. Bu amillər dünya bazarlarında qızılın qiymətinin yüksəlməsinə səbəb olur və həmin artım yerli bazarda qızılın qram qiymətlərinə, zinət əşyalarının satış dəyərinə və ümumi bazar davranışına birbaşa təsir edir. Xüsusilə dünya bazarlarında baş verən bu proseslər bayram ərəfəsində daxili tələbatın artması ilə üst-üstə düşdükdə qiymət artımı daha aydın və hiss olunan şəkildə özünü göstərir"