Yeni sistem işə düşdü, amma... – Vəkillər nədən narazıdır?

Yeni sistem işə düşdü, amma... – Vəkillər nədən narazıdır? Sosial

“Elektron məhkəmə” informasiya sisteminin yeni versiyası istifadəyə verilsə də, sistemdə problem yaranıb.

News24.az xəbər verir ki, hüquq camiyəsi bir neçə gündür sistemin fəaliyyətindən şikayətlənir.

Yeni sistem martın 31-dən istifadəyə verilsə də, tam işlək vəziyyətdə deyildi. Bu vəziyyət xüsusilə vəkillərin işinə mənfi təsir edib, operativ hüquqi yardımın göstərilməsində çətinliklər yaradıb. Məhkəmə-Hüquq Şurasının bu gün yaydığı məlumatda bildirilib ki, artıq yeni sistemdəki problemlər aradan qaldırılıb. Keçid prosesi ilə əlaqədar yaranmış çətinliklərlə bağlı müraciətlərin operativ cavablandırılması üçün də Məhkəmə-Hüquq Şurasının Qaynar xətti (887) həftənin bütün günləri fasiləsiz fəaliyyət göstərir.

Açıqlamada deyilir ki, 2014-cü ildən istifadəyə verilmiş “Elektron məhkəmə” informasiya sisteminin müasir interfeys və proqram təminatı əsasında yenidən qurulması zərurəti olub:

“Yeni sistem müasir texnoloji tələblərə uyğun olaraq təkmilləşdirilib, istifadəçi dostu interfeys və geniş funksional imkanlarla zənginləşdirilib. Yenilənmiş platforma vasitəsilə vətəndaşlar, vəkillər və digər proses iştirakçıları məhkəmə xidmətlərindən daha sürətli və rahat şəkildə yararlana biləcəklər. Yenilənmiş “Elektron məhkəmə” informasiya sistemi məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım olmaqla yanaşı, ədalət mühakiməsinə çıxışın daha əlçatan və effektiv olmasına xidmət edir. Yeni sistemə keçid zamanı əvvəlki platformada mövcud olan bütün data, informasiya və sənədlər uğurla yenilənmiş sistemə köçürülüb və məhkəmələrin icraatında olan elektron işlər üzrə öz əksini tapmaqdadır. Həmçinin yeni platforma daha çox məlumatı özündə birləşdirən çoxşaxəli funksional tapşırıqları icra etmək imkanına malikdir. Eyni zamanda müraciətlərin yazılı formada təqdim edilməsi məqsədilə elektron kabinet üzərindən texniki dəstək bölməsinə müraciət imkanı yaradılıb”- deyə rəsmi açıqlamada qeyd edilib. (Qafqazinfo)