Ukrayna Baş Qərargahı: “200-ə yaxın “vaqnerçi” zərərsizləşdirilib”
    • 26-02-2023, 21:49
    • 257

Ukrayna Baş Qərargahı: “200-ə yaxın “vaqnerçi” zərərsizləşdirilib”

Fevralın 20-dən fevralın 22-dək Baxmut istiqamətində Vaqner özəl hərbi şirkətinin 200-ə yaxın muzdlusu, fevralın 22-dən 24-dək isə Verxnetoretski rayonunda 30-dək səfərbər edilmiş hərbçilər məhv edilib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının müntəzəm xülasəsində bildirilib.

Məlumata görə, muzdluların meyitləri ekspertizadan sonra yük maşınları ilə Rusiyaya aparılıb.

Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.

2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı (Aİ) qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.

Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.