Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsi əsaslı TƏMİR OLUNDU
    • 1-03-2023, 17:24
    • 312

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsi əsaslı TƏMİR OLUNDU

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzdə  keyfiyyətli və operativ tibbi xidmət göstərmək üçün aparılan struktur islahatları və yeniliklər davam edir. 

News24.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin və Təcili təxirəsalınmaz tibbi yardım bölməsinin əsaslı təmir olunduqdan sonra açılışı baş tutub.
Açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və b. iştirak edib.

K.Ələkbərov Toksikologiya şöbəsi və Təcili təxirəsalınmaz tibbi yardım bölməsində olan yeniliklər, yaradılan şəraitlə bağlı ətraflı məlumat verib. Bildirib ki, yeniliklər sayəsində göstərilən  tibbi xidmətlərin keyfiyyəti yüksəldiləcək və vətəndaş məmnunluğu daha da artırılacaq.
Əsaslı təmir olunan Toksikologiya şöbəsi 1982-ci ildə yaradılıb. Qafqazda ilk kəskin kimyəvi zəhərlənmələrin müayinəsi və müalicəsi ilə məşğul olan Toksikologiya şöbəsi artıq tamamilə yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub. 

Toksikologiya şöbəsində zəhərlənmiş qanın təmizlənməsi üçün ən müasir ekstrakorporal metodlardan istifadə edilir.  Şöbə süni tənəffüs aparatları, defibrilyator, EKQ aparatları, təcili yardım arabaları ilə təchiz edilib. Struktur olaraq arakəsmələr şüşədən düzəldilib ki, bu da tibb personalının  xəstələri mütəmadi nəzarətdə saxlamasına imkan verir. Reanimasiya otaqları 4-ü uşaqlar üçün olmaqla  çoxfunksiyalı 12 çarpayı, monitor, infuzomat və perfuzorlarla təchiz olunub. 

Toksikologiya şöbəsindəki reanimasiya otaqlarının hər biri ayrı-ayrılıqda mərkəzi havalandırma sistemi ilə təmin edilib. Belə havalandırma sistemi COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin təcrübəsindən irəli gəlir ki, bu da ölkədə hər hansı bir epidemioloji vəziyyət yarandığı təqdirdə şöbə strukturunun o istiqamətdə dəyişməsinə imkan verəcəkdir. 

Şöbədə kəskin dərman zəhərlənmələrində çox effektiv olan hemosorbsiya (qanın təmizlənməsi) üçün müasir avadanlıqlar, o cümlədən kəskin böyrək çatışmazlığı halları üçün 2 yerlik hemodializ və osmos aparatı ilə təchiz edilib. Həmçinin kəskin dəm qazı zəhərlənmələri üçün Barokamera bölməsi yenidən bərpa edilib. Yeyici turşularla zəhərlənmə  zamanı yemək borusunun, mədə və onikibarmaq bağırsağın müayinəsi üçün ən müasir endoskopiya otağı yaradılıb. 

Şöbədə tibb personalı üçün paltar dəyişmə otağı, duş-kabinlər və mətbəx yenidən təmir olunub. 
Əsaslı təmir olunan Təcili təxirəsalınmaz tibbi yardım bölməsi isə 6 müşahidə çarpayısı, bir canlandırma otağı (CPR), rentgen və kompüter tomoqrafiya cihazı (KT) ilə təchiz edilib. 

Terapevtik yönümlü ürək-damar xəstələri (miokard infarktı, kəskin ürək çatışmazlığı və s.), nevroloji xəstələr (beyin qan dövranının kəskin pozğunluğu, insult və s.) Təcili yardım bölməsinə gətirildikdən sonra xəstənin vəziyyətinin  ilkin qiymətləndirməsi aparılır, müvafiq müayinə və tibbi yardım göstərildikdən sonra Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilir. Bununla da terapevtik reanimasion xəstələrin  digər  korpusun təcili yardım bölməsindən buraya  gətirilməsinə sərf edilən vaxt itkisi aradan qaldırılır. Bölməyə daxil olan infeksion şübhəli xəstələr havalandırması ayrı olan izolyator otaqda yerləşdirilir.

Əlavə olaraq bölmədə tam müşahidə-kamera sistemi quraşdırılıb ki, bu da xəstələr və xidmət göstərən tibb işçilərinin izlənilməsinə imkan yaradır.