Qarabağ separatçıları müharibəni seçdi - Arayik Arutyunyan açıqladı
    • 6-03-2023, 20:16
    • 565

Qarabağ separatçıları müharibəni seçdi - Arayik Arutyunyan açıqladı

Martın 6-da Qarabağdakı qondarma rejimin başçısı Arayik Arutyunyan oyuncaq “milli assambleyanın siyasi qüvvələrinin və regional administrasiyaların rəhbərlərinin iştirakı ilə Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasını” çağırıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə erməni mediası bildirib. 

Arutyunyanın sözlərinə görə, fevralın 24-də “Artsax tərəfi” Rusiya sülhməramlı qüvvələrinin komandanlığının vasitəçiliyi və iştirakı ədasında Azərbaycan tərəfi ilə “indiki şəraitdə humanitar və infrastruktur məsələlərini müzakirə etmək üçün” görüşüb.

“Daha sonra Təhlükəsizlik Şurasının katibi Samvel Şahramanyanın rəhbərliyi ilə martın 1-də baş tutan ikinci görüş barədə razılıq əldə olunub. İclasların gündəliyinə 4 məsələ daxil edilib: 
"Laçın dəhlizinin blokunun açılması, Ermənistan Respublikasından Artsaxa elektrik enerjisinin verilməsinin bərpası, təbii qazın fasiləsiz verilməsi və Kaşen mədəninin fəaliyyətinin bərpası” - Arutyunyan deyib.

Baş separatçı bildirib ki, ikinci görüş zamanı Azərbaycan nümayəndəsi “inteqrasiya” sözündən istifadə edərək siyasi mövzuları müzakirə etməyə çalışıb, lakin Şahramanyan buna etiraz edib və bildirib ki, “siyasi məsələlər müzakirə olunarsa, bu, Azərbaycanın Artsaxın müstəqilliyini tanıması mövzusu olmalıdır”.

A.Arutyunyanın sözlərinə görə, onun nümayəndəsi əlavə edib ki, onların siyasi məsələləri müzakirə etmək səlahiyyəti yoxdur və bu görüşdə belə məsələləri müzakirə edə bilməzlər.

Arutyunyan daha sonra iddia edib ki, bundan sonra Azərbaycan tərəfi öz kanalları ilə “ya bizə inteqrasiya edin, ya da mövcud problemlər həlli olmayacaq, əksinə, daha sərt və daha kəskin addımlar atılacaq" mesajı verib.

A.Arutyunyan deyib ki, biz bu şərti qəbul etmədik: “Qəbul etmirik və bu gün bir daha demək istəyirəm ki, bu, təkcə Təhlükəsizlik Şurasının qərarı deyil, həm də xalqımızın böyük əksəriyyətinin razılığıdır ki, biz müstəqillik və özünüidarə hüququmuzdan əl çəkməyəcəyik. Bu isə o deməkdir ki, yaxın gələcəkdə qarşımızda müxtəlif vəziyyətlər olacaq ki, biz onları aradan qaldırmalıyıq”.

Ardınca o, Qarabağ ermənilərinə maraq doğuracaq şəkildə xitab edib:

“Bizim seçimimiz var: ya seçdiyimiz mübarizəni davam etdirmək, ya da cəmiyyətdə elə bir fikir yaranıbsa ki, Azərbaycanın təqdim etdiyi təklifi qəbul edək, o zaman insanların öz vətəndaş hüquqları çərçivəsində sözünü deməyə imkanı var ki, seçdiyimiz yol səhvdir, bu hissləri rəsmiləşdirin, ölkədə yeni hökumət qurun. Amma biz mübarizə yolunu seçdiyimizə görə, ilk növbədə, sizdən xahiş edirəm ki, bizim qərarımıza hörmətlə yanaşasınız və bu kimi hallara münasibət bildirməyəsiniz, ölkədaxili siyasi çalarlara yol verməyəsiniz”.

Sonda Arutyunyan bunları deyib:

“Qarşıda bizi uzun mübarizə gözləyir və bu mübarizə çərçivəsində belə halların olacağını dərk etməli, qabaqlayıcı tədbirlər görməliyik. Mən dövlət naziri ilə problemlərimizi müzakirə etdim və bu gün Təhlükəsizlik Şurasının qərarı ilə hökumətə ərzaq və enerji təhlükəsizliyi proqramı hazırlamaq tapşırığı vermək istəyirəm, çünki biz bütün ssenariləri hesablamalıyıq”.