"Laçın yolunda mütləq sərhəd və gömrük keçid məntəqələri qurulacaq"
    • 7-03-2023, 12:38
    • 403

"Laçın yolunda mütləq sərhəd və gömrük keçid məntəqələri qurulacaq"

"Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlətin atributlarından biri kimi öz sərhədlərində sərhəd və gömrük keçid məntəqələri qura bilər. Buna da Azərbaycanın tam şəkildə hüququ var".

Bu fikirləri News24.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloqun sözlərinə görə, çox da uzaq olmayan bir zamanda keçid məntəqələri Laçında qurulacaq:

"Rusiya tərəfi hal-hazırda bu məsələdə bazarlıq etməyə çalışır. Amma düşünürəm ki, Azərbaycan tərəfini bu məsələdə mövqeyi kifayət qədər prinsipaldır. Laçın yolunun sərhəd hissəsində biz bir müddət sonra keçid məntəqəsinin və postun qurulacağını görəcəyik. Rusiya da bundan razılaşmaq məcburiyyətində qalacaq. Çünki Azərbaycan Rusiya ilə hələ bu məsələləri müzakirə edir. Beynəlxalq  hüquq da Azərbaycana bu imkanı tanıyır". 

Qərbin bunun əleyhinə olması məsələsinə gəlincə, analitik əlavə edib ki, Qərbdən bu məsələnin əleyhinə fikirlər səslənməyib:

"Azərbaycan prezidentinin Münxendəki görüşdən sonra verdiyi açıqlamada da qeyd etdi ki, ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan tərəfi Ermənistana bununla bağlı konkret təkliflə çıxış edib. Təklif bundan ibarətdir ki, Laçın yolunun  Ermənistanla sərhəddi və Zəngəzur dəhlizinin hər iki tərəfində ya sərhəd keçid, ya gömrük keçid məntəqələri qurulur, yaxud da hər ikisində də sərbəst hərəkətə şərait yaradılır. Yəni Azərbaycan hər iki variantda hazırdır və Azərbaycanın sərhədlərində sərhəd və gömrük keçid məntəqələri qurması təklifi Qərb tərəfindən də anlaşıqlı qarşılanır. Ən azından o baxımdan ki, 2021-ci ilin dekabr ayında Azərbaycan Prezidenti Brüsseldə üçtərəfli görüş ərəfəsində həm NATO baş katibi ilə görüş, həm də üçtərəfli görüşdə də konkret olaraq bildirmişdir ki, Laçın yolu və Zəngəzur dəhlizinin parametrləri eyni olmalıdır. Yəni hər iki tərəfdə gömrük və sərhəd keçid məntəqələri qurulacaqsa və birində olacaqsa, digərində də olmalıdır. O zaman Şarl Mişel və hətta Rusiya xarici işlər nazirinin açıqlamasında da adı çəkilən yollarda kommunikasiya xətlərində  dövlətlərin suveren hüquqlarının təsbit olunması vacib şərt olaraq qeyd olunmuşdur. Bu baxımdan hesab edirəm ki, Azərbaycan öz iradəsini davam etdirəcək və Rusiya ilə bu məsələləri müzakirə edərək Laçın yolunun Ermənistanla sərhəd hissəsində sərhəd-keçid məntəqəsini və gömrük-nəzarət məntəqəsini quracaq".

Aynurə