Braziliyada Heydər Əliyevə həsr olunan konsert keçirildi
    • 13-03-2023, 14:35
    • 749

Braziliyada Heydər Əliyevə həsr olunan konsert keçirildi

Mədəniyyət Nazirliyinin və Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi ilə ölkəmizin mədəniyyətinin, onun musiqisinin təbliği çərçivəsində Rio de Janeyro şəhərində Latın Amerikasının ən qədimi və tanınmış teatrı olan Teatro Munisipalda maestro Yalçın Adıgözəlovun dirijorluğu ilə Braziliya Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

Səfirlikdən News24.az-a verilən xəbərə görə, tədbirin açılışında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz, bu ilin Heydər Əliyev İli kimi qeyd edildiyini bildirib. O, bu konsertin Azərbaycanın müasir musiqisinə əvəzolunmaz dəstəyini vermiş, onun beynəlxalq ictimaiyyətə yayılması, mədəni irsimizin müasirliyə uyğunlaşdırılması üçün beynəlxalq klassik musiqisinin də Azərbaycan tərəfindən mənimsənilməsinə yardım etmiş, Azərbaycanın musiqiçilik istedadlarına, bu musiqi ənənələrin gələcək nəsillərə ötürülməsi üçün daim dəstək vermiş Ümummilli Lider Heydər Əliyevin şanlı adına həsr edildiyini bəyan edib. Səfir R.Novruz dinləniləcək bu konsertdə məşhur bəstəkarımız Qara Qarayevin “Leyli və Məcnun” simfonik poemasının ifa ediləcəyini qeyd edib, bəstəkar haqqında məlumat verib. Təntənəli konsert axşamı Q.Qarayevin məhz bu simfonik poeması ilə başlanıb. Həmçinin rus bəstəkarı S. Raxmaninovun 2 saylı simfoniyası və Norveç bəstəkarı E.Qriqın fortepiano konserti səslənib.

Səfir qeyd edib ki, bu konsert cari il Səfirlik tərəfindən Braziliyada təşkil ediləcək silsilə mədəniyyət tədbirlərinin yanlız başlanğıcıdır. Belə ki, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, elecə də Braziliya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyinə həsr olunacaq bir neçə fərqli repertuar və təqdimatlarda Braziliyanın digər şəhərlərində də tədbirlər keçiriləcək.

Konsertə yerli tamaşaçılarla yanaşı Rio de Janeyro Ştatı qubernatorluğu, yerli qanunvericilik və icra hakimiyyətinin yüksək vəzifəli nümayəndələri də qatılıblar.