Bakıda tikinti işləri zamanı ölüm hadisəsi baş verib. Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, yük avtomobilinin qazıntı işləri davam etdirilən ərazidə bir nəfərin xəndəyə düşərək ölməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri, Binəqədi rayon sakini 1966-cı il təvəllüdlü Əliheydər Həşimov idarə etdiyi “Mercedes Benz” markalı betonqarışdıran yük avtomobilini aşıraraq beton gətirdiyi tikinti sahəsində 3,2 metr hündürlükdən xəndəyə düşüb və hadisə nəticəsində vəfat edib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, istintaq hərəkətləri davam etdirilir.
 
//Qafqazinfo