Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib

Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
QARABAĞ

15-03-2023, 20:45

Mətn ölçüsü

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.

News24.az
xəbər verir ki, iclası giriş sözü ilə açan Qərargah rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji xəttə uyğun olaraq, 2023-cü ilin Böyük Qayıdışın sürətli inkişaf mərhələsi olacağını, yaşayış məntəqələrinin tikintisi və bərpası işinin əməli müstəvidə sürətlənəcəyini və miqyasının artacağını diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində vaxt amilinə diqqəti yönəldən Samir Nuriyev operativliklə yanaşı, keyfiyyət və dayanıqlılığın da paralel olaraq təmin edilməsinin dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş vəzifə olduğunu deyib. Qərargah rəhbəri, həmçinin işğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində görülməsi nəzərdə tutulan işlərlə bağlı bir sıra prioritet istiqamətlərə toxunub.

Sonra iclasın gündəliyinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarından səmərəli istifadə və bərk məişət tullantılarının idarə edilməsi sahəsində görülən işlər, torpaq islahatlarına hazırlıq, Böyük Qayıdış çərçivəsində əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ərazilərdə görülən işlərin cari vəziyyəti ilə bağlı məruzələr dinlənilib. Ərazilərə geri qayıdan əhalinin dayanıqlı məşğulluq imkanlarının təmin edilməsi məqsədilə zəruri institusional, hüquqi və dəstək mexanizmlərinin yaradılması ilə bağlı vəzifələr müəyyən olunub.


Torpaq islahatları ilə bağlı təkliflərin hazırlanması zamanı torpaqların bölgüsündə ədalət prinsipinin təmin olunması, ərazilərə qayıdan əhalinin torpaqlardan səmərəli istifadəsinin təmin edilməsi və nəticə etibarilə ərazilərdə iqtisadi artım, məşğulluq və dayanıqlı gəlir mənbələrinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Laçın şəhərinin, Zabux, Sus və Talış kəndlərinin yenidən qurulması və bərpası istiqamətində görülən işlər barədə məruzələr təqdim edilib.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iclasın gündəliyində dayanan məsələlərin yerlərdə əlaqələndirilməsi və müvafiq ərazilər üzrə görülən işlərin cari vəziyyəti barədə məlumat veriblər.

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.