Dostunu aldadıb 40 min pulunu aldı, hamısını “Topaz”da uduzdu
    • 18-03-2023, 13:13
    • 551

Dostunu aldadıb 40 min pulunu aldı, hamısını “Topaz”da uduzdu

Bakıda dostuna qarşı dələduzluq əməli törətmiş Masallı rayon sakini, 1994-cü il təvəllüdlü Savalan Babayevin məhkəməsi keçirilib.

News24.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə Savalan adlı gənc Cinayət Məcəlləinin 178.2.4-cü, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, Savalan şirkətlərdən birində satış təmsilçisi kimi çalışb və Sabunçu rayonunda fəaliyyət göstərən “Yeni market”in sahibi olan Rövşən adlı şəxslə dostlaşıb.

Bundan sonra işdən çıxarılan Savalan Rövşənə içki satışı şəbəkəsi qurmaq və birgə biznesdən gəlir əldə etmək vədi ilə ondan pul almağa başlayıb. Zərərçəkəndən hissə-hissə olmaqla 40 min manat pul alan Savalan bütün vəsaiti “Topaz” mərc oyunlarına qoyub və məbləğin hamısını uduzub. Rövşən dələduzluqla üzləşdiyini görərək Savalandan pullarını tələb edib. Məbləği geri ala bilmədiyini görüb Masallıya gedərək Savalanın valideynlərini tapıb. Onlar oğullarının borcundan 7500 manatını qaytarıblar. Yerdə qalan pulu ala bilməyən zərərçəkən hüquq-mühafizə orqanlarına müraciət edib və faktla bağlı cinayət işi açılıb.

Məhkəmədə bildirilib ki, artıq dəymiş ziyanın böyük qismi zərərçəkmiş tərəfə ödənilib və Savalan qalan pulu da rəsmi şəkildə ödəməklə bağlı öhdəlik götürüb.

Sabunçu rayon məhkəməsinin 2 mart tarixli hökmü ilə Savalan Babayevə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırlması cəzası təyin edilib. Onun üzərinə elektron nəzarət qurğusu yerləşdirilib.

Taleh BAĞIROV