Vətən müharibəsi qazisi və iştirakçısı direktor təyin olundu
    • 20-03-2023, 12:50
    • 945

Vətən müharibəsi qazisi və iştirakçısı direktor təyin olundu

Vətən müharibəsi qazisi - Qurbanov Ceyhun Qürbət oğlu Lənkəran - Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq Elm və Təhsil nazirinin müvafiq əmri ilə Masallı rayonu Köçəkli kənd S.Rəhimov adına tam orta məktəbinə direktor vəzifəsinə təyinat alıb.

News24.az xəbər verir ki, Masallı rayonu Qarğalıq kənd tam orta məktəbinin tarix müəllimi olan Qurbanov Ceyhun Qürbət oğlu Cəbrayıl və Qubadlı rayonlarının düşməndən azad olunması zamanı kəşfiyyat tağım komandiri kimi bir çox mühüm tapşırıqları layiqincə yerinə yetirib.

Qubadlı rayonu uğrunda gedən son döyüşlərdə yaralanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Daha bir Vətən müharibəsi iştirakçısı - Ağayev Mirəhməd Mirağa oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-ə qədər olan ümumtəhsil müəssisələrində vakant olan direktor vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq Lerik rayonu Hamarat kənd tam orta məktəbinin direktor vəzifəsinə təyinat alıb.

Lerik rayonu M.M.Ziyadov adına Aşağı Çayrud kənd ümumi orta məktəbin riyaziyyat və informatika müəllimi olan Ağayev Mirəhməd Mirağa oğlu Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonlarının düşməndən azad olunması zamanı ona verilən tapşırıqları layiqincə yerinə yetirib.

Ağayev Mirəhməd Mirağa oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.