Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
    • 27-03-2023, 10:03
    • 669

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu həftə növbəti dəfə faiz qərarını açıqlayacaq.

News24.az xəbər verir ki, AMB-nin uçot dərəcəsi ilə bağlı qərarı inflyasiyanı cilovlamaq məqsədi daşıyır. Ötən il AMB bu məqsədlə uçot dərəcəsini 100 baza bəndi artıraraq 8,25%-ə, bu il isə 25 baza bəndi artıraraq 8,50%-ə çatdırıb. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 8.50%, faiz dəhlizinin aşağı həddi 6.75%, faiz dəhlizinin yuxarı həddi isə 9.5% təşkil edir.

Bununla belə, Azərbaycanda inflyasiya Mərkəzi Bankın hədəfindən (4±2%) xeyli yüksəkdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin fevral ayında inflyasiya ötən ilin fevral ayına nisbətən 14,1 faiz artıb. 2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 13,9 faiz yüksəlib. Bu isə Mərkəzi Bankın uçot dərəcəsini yenidən artırması ehtimalın yüksəldir.

Mərkəzi Bank bu il fevralın 1-də Faiz dəhlizinin parametrləri ilə bağlı qeyd edib ki, pul siyasətinə dair növbəti qərarlar inflyasiyanın xarici və daxili amilləri üzrə potensial risklərin reallaşma dərəcəsindən asılı olaraq veriləcək: "Növbəti pul siyasəti qərarlarının qəbulu üçün makroiqtisadi proqnozlar rüblük əsasda yenilənəcək. Mərkəzi Bank bundan sonra da məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaltmaq üçün sərəncamında olan bütün alətlərdən və mexanizmlərdən istifadə edəcək. İllik inflyasiya göstəricilərinin və proqnozlarının davamlı olaraq azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza götürüləcək, sonra isə onun normallaşdırılması, yəni azaldılması imkanları nəzərdən keçiriləcək. Faiz dəhlizinə dair qərar verərkən Mərkəzi Bank pul siyasətinin kumulyativ sərtləşmə dərəcəsini və onun inflyasiyaya ötürülməsi üçün tələb olunan zaman intervalını da nəzərə alacaq".