Azərbaycanda törədilən səs-küylü terror hadisələri - Xronika
    • 29-03-2023, 16:04
    • 506

Azərbaycanda törədilən səs-küylü terror hadisələri - Xronika

Dünən Milli Məclisinin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” silahından atəş açılaraq sui-qəsd törədilib. 
Dövlət Təhlükəsizlik Xidməti hadisənin terror aktı olmasını təqsdiqləyib. Son yaşanan hadisə Azərbaycana qarşı zaman-zaman törədilən ağır cinayətləri, terror hadisələrini təkrar xatırlatdı. 


News24.az Azərbaycan tarixində törədilən həmin terror aktlarını yaddaşımızda təzələdi:

Qarakənd faciəsi

1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Görüşün səbəbi Qarabağ müharibəsi və hansı xalqın (Azərbaycan türkləri və ya ermənilər) sıxışdırıldığı məlum edilməsi idi. Bu səbəbdən də həmsədrlər razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər.

1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur.

Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində vurulur.

Hadisə nəticəsində Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Bakı metropolitenin "20 Yanvar" stansiyasında partlayış

19 mart 1994-cü ildə Bakı metropolitenin "20 Yanvar" stansiyasında partlayış törədilib. Hadisə nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.
Terror aktının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyi məlum olub. Təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışdılar. "20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.

Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 

2009-cu ilin aprelin 30-da bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. Hadisə nəticəsində 13 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Teraktı törədən şəxsin Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu ehtimal olunur. İlkin versiyaya görə hadisəni törədən şəxs özü-özünü güllələyib.

Rail Rzayevin qətli

Müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı olmuş general-leytenant Rail Rzayev naməlum şəxs tərəfindən qətlə yetirilib. İllərlə Azərbaycanın hava məkanına, hərbi yük daşımalarına nəzarət edən general-leytenantın qətlinin üstü bu günə qədər açılmayıb.

Rafiq Tağının ölümü 

Yazıçı-filosof, həkim-kardioloq Rafiq Tağı 2011-ci ilin noyabr ayının 19-da Bakıda evlərinin yaxınlığında bıçaqlanıb, 4 gün sonra isə müalicə aldığı xəstəxanada vəfat edib. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı bu ərəfədə jurnalistlərin suallarını cavablandırmış, hücumun oğurluq motivli olduğuna inanmadığını, "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı ola biləcəyini qeyd etmişdi.

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd 

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib. Millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkili iki dəfə əməliyyat olunub. O, hazırda xəstəxanada həkim nəzarətindədir.

Qumral Əliyeva