Azərbaycanda dayı ilə bacıoğlunun ŞOK ƏMƏLLƏRİ - TƏFƏRRÜAT
    • 31-03-2023, 14:22
    • 574

Azərbaycanda dayı ilə bacıoğlunun ŞOK ƏMƏLLƏRİ - TƏFƏRRÜAT

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluq əməlləri törətmiş 1976-cı il təvəllüdlü Ağsu rayonu, Bəyimli kənd sakini Zakir Səlimovun məhkəməsi başa çatıb.

News24.az xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən məhkəmədə Zakirin bacısı oğlu Elçin, onun sevgilisi Şahnaz və Vidadi adlı şəxslə birgə Masazır Gənclər Şəhərciyində tək yaşayan qadının evinə basqın etməsi bildirilib. Belə ki, Zakir çilingər bacısı oğluna həmin mənzilin qapısını qeyri-qanuni yolla açmasını tapşırıb. Onlar evdə 50 min manatdan çox pul və qızılın olduğunu düşünüblər. Lakin evdə istədikləri qədər pul və qızıl tapa bilməyən şəxslər 4200 manat nağd pul və 3200 manatlıq əşya götürüblər. Oğurladıqları əşyaları həyətdə saxladıqları “KİA Optima” markalı avtomobilə yükləyən şəxslər daha sonra evdə gizlənərək ev sahibinin gəlməsini gözləyiblər və onu döyərək qızılların yerini deməsini planlaşdırıblar.

Məhkəmədə Cinayət Məcəlləsinin 177 və 181-ci (oğurluq və quldurluq) maddələri ilə təqsirləndirilən Zakir qeyd edilən əməllərdə iştirak etmədiyini deyib. O, yalnız bacısı oğlu Elçinin xahişi ilə həmin binaya gələrək qapını açdğını, daha sonra isə Elçinin onu maşınla iş yerinə qaytardığını deyib.

Bundan sonra məhkəmə Zakirin ibtidai istintaqa verdiyi ifadəni elan edib. Həmin ifadəsində o, törətdiyi əməli etiraf edib və hadisənin təfərrüatını danışıb: “Mən bacım oğlu Elçin, onun qeyri-rəsmi nikahda yaşadığı Şahnaz və Vidadi Biləcəri qəsəbəsi, “Araz” marketin qarşısında Elçinə məxsus «Kia Optima» markalı, *- MD-** dövlət qeydiyyat nişanlı avtomobildə görüşmüşdük. Həmin vaxt Elçin işsizlikdən və pula ehtiyacı olması barədə danışmışdı. Eyni zamanda Elçin Anar adlı tanışından yaşlı qohumunun olduğunu, həmin qohumunun Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində yaşadığını, evində nağd pulu və qızıl-zinət əşyalarının olduğunu dedi. Soonra da həmin qadının evindən oğurluq etməyi təklif etdi. Pula ehtiyacım olduğu üçün Elçinlə razılaşdım və plan hazırladıq. Növbəti gün yenə həmin yerdə görüşdük. Vidadi avtomobilin qabaq sərnişin oturacağında, mən və Şahnaz arxa oturacaqda əyləşib deyilən binanın həyətinə getdik. Birlikdə 8-ci mərtəbədəki mənzilə qalxdıq. Əvvəlcədən özümlə götürdüyüm dəmir parçası və xüsusi vasitələrin köməyi ilə qapını açdım. Evdən televizoru və bir neçə digər əşyaları götürdük. Lakin istədiyimiz qədər pul və qızıl tapa bilmədik. Belə qənaətə gəldik ki, mənzilin sahibini gözləyək və onu tutaraq döyüb evdə olan pulun, qızıl-zinət əşyaların yerini öyrənək. Bundan sonra Vidadi evdən televizoru, Şahnaz isə otaqda olan çantadakı əşyaları götürdü. Əşyaları avtomobilinin yük yerinə yığdılar. Planımıza əsasən Elçin binanın qarşısında qalmalı idi ki, qadın gələn zaman bizə xəbər versin. Mən, Vidadi və Şahnaz yenidən oğurluq etdiyimiz evə qayıtıq. Evdə qalıb qadını gözlədiyimiz zaman qapı açılaraq dəhlizə yaşlı bir qadın daxil oldu. Vidadi evin giriş qapısının arxasından qəfildən çıxaraq qadını arxadan itələdi və qadın yerə yıxıldı. Bundan sonra mən hamamdan əlimdə dəmir parçası ilə dəhlizə çıxdım, Vidadi ilə birlikdə arvadı yataq otağına aparıb döydük. Arvad qışqırmağa başladı. Bu səbəbdən də ondan pul, qızıl-zinət əşyalarının yerini soruşa bilmədik. İlk öncə evdən Şahnazla mən çıxdıq, Elçinin idarə etdiyi avtomobilə əyləşdik. Elçin avtomobilini Masazır yoluna sürdü. Daha sonra həmin yerə Vidadi də gəldi və avtomobilə əyləşdi. Elçin bizi yaşadığımız ünvanlara apardı”.

Bundan sonra polisin həyata keçiridyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətmiş şəxslər tutulub. Son olaraq Zakir tutularaq məsuliyyətə cəlb edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Taleh BAĞIROV