Azərbaycanda gənc qız təzə maşın aldığı gün ölümlə nəticələnən qəza törətdi
    • 12-04-2023, 17:19
    • 21 880

Azərbaycanda gənc qız təzə maşın aldığı gün ölümlə nəticələnən qəza törətdi

25 dekabr 2022-ci il tarixdə Astara rayonunda 4 avtomobilin iştirakı ilə baş vermiş və yol kənarında dayanan 53 yaşlı piyada Arifə Quliyevanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, zəncirvari qəzaya və piyadanın ölümünə Astara rayonunun Kişəjəbə qəsəbə sakini olan 24 yaşlı Vəfa İbadovanın idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil səbəb olub.

Belə ki, gənc qız Astara rayonu Siyəkü kəndindən Pensər kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək həmin yolla hərəkət edən VAZ-2199 markalı, VAZ-2107 markalı və digər VAZ-2107 markalı avtomaşınlara dəydikdən sonra yolun hərəkət hissəsinin kənarı ilə piyada hərəkət edən 53 yaşlı Şahağacı kənd sakini Arifə Quliyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Məhkəmədə V.İbadova deyib ki, idarə etdiyi qırmızı rəngli “Chevrolet Cruze” markalı avtomobili elə həmin gün Bakıdan alıb rayona gəlirmiş. Hadisə də onun təcrübəsizliyi ucbatından baş verib: “

25 dekabr 2022-ci il tarixdə Bakı şəhərindən “Chevrolet Cruze” markalı avtomobil aldım. Yeni aldığım qırmızı rəngli avtomobillə saat 19 radələrində Astara rayonu Çayoba kəndindən Pensər kəndi istiqamətində hərəkət edərək orada yerləşən işıqforun yaşıl işığından keçərək Pensər kəndi istiqamətində yol ayrıcından sol tərəfə dönərkən avtomobili təxminən saatda 30 kilometr sürətlə idarə edirdim. Maşını təzə aldığımdan və sürücülük vərdişlərinə yaxşı yiyələnmədiyimdən qəflətən idarəetməni itirərək əyləc əvəzinə qaz pedalına sıxdım. Bu zaman idarəetməni itirərək “VAZ-21099” və iki ədəd “VAZ-2107” markalı maşınları vurdum. Onlarla toqquşduqdan sonra yolun əks istiqamətinə çıxaraq hərəkət hissəsinin sol tərəfində asfalt örtüyünün üzərində olan piyadanı vurub daha sonra sol ehtiyat hissəsində olan divara dəydim. Dərhal avtomobildan enib piyadaya ilkin tibbi yardımın göstərilməsi üçün digər şəxslərin köməyi ilə piyadanı orada olan şəxslərdən birinin avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına göndərdik”.

Astara rayon Məhkəməsi Vəfa İbadovanı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilib. O, 1 il sınaq müddəti təyin edilməklə şərti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilub və azadlıqda qalıb.

Qeyd edək ki, mərhum Arifə Quliyevanın ailəsi Vəfa İbadovadan şikayətçi olmayıb və ona cəza verilməsinə qarşı çıxıb.

Taleh Bağırov