“BQXK əsirlərimizlə bağlı müvafiq qurumlarla əlaqədədir”
    • 14-04-2023, 10:26
    • 374

“BQXK əsirlərimizlə bağlı müvafiq qurumlarla əlaqədədir”

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinin məsələsi barədə məlumatlıdır.

Bunu News24.az-a açıqlamasında BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

İ.Hüseynova qeyd edib ki, BQXK ailələr və müvafiq qurumlarla əlaqədədir: “Məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir: “Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən aprelin 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb.

Aprelin 13-də sosial şəbəkələrdə Hüseyn Axundovun Ermənistanda döyülməsi, işgəncələrə məruz qalmasını əks etdirən görüntülər yayılıb.