Qızıl Aypara və Qırmızı Xaçdan əsir əsgərlərimizlə bağlı AÇIQLAMA
    • 14-04-2023, 17:25
    • 342

Qızıl Aypara və Qırmızı Xaçdan əsir əsgərlərimizlə bağlı AÇIQLAMA

Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən yolu itirən və səhvən Ermənistan tərəfinə keçən hərbçilərimizin işgəncələrə məruz qalması Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb olub. Ermənistan mediasının yaydığı görüntülərdə itkin düşən əsgərimiz Hüseyn Axundovun döyülmə anları öz əksini tapıb.

Məsələ ilə bağlı ombudsman Səbinə Əliyeva, Qeyri-hökumət təşkilatları beynəlxalq ictimaiyyətə müraciət edib, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi də beynəlxalq təşkilatların məlumatlandırıldığını və bu istiqamətdə çalışıldığını bildirib.

Bəs beynəlxalq humanitar təşkilatların Azərbaycan nümayəndəliyi bu mövzuda nə kimi tədbirlər həyata keçirir?

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, deputat Novruz Aslanov Globalinfo.az-a bildirib ki, bu məsələ diqqətdə saxlanılır və müəyyən işlər görülür:

“Bu məsələ Beynəlxalq Qızıl Xaç Komitəsinin səlahiyyətindədir. Qurumun Azərbaycan münayəndəliyindən bizə verilən məlumata görə, artıq Ermənistandakı nümayəndəliklə əlaqə qurulub. Məsələ ilə bağlı proses davam edir, müəyyən işlər görülür. Biz də bu prosesi xüsusi nəzarətdə saxlayırıq. Məsələnin müzakirəsi üçün aprelin 17-də Azərbaycan nümayəndəliyinin rəhbərinin iştirakı ilə Qızıl Aypara Cəmiyyətində görüş keçiriləcək”.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən Globalinfo.az-a bildirilib ki, hərbçilərimizlə görüşün təşkil edilməsinə çalışılır:

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) iki azərbaycanlının məsələsi barədə məlumatlıdır. Biz ailələr və müvafiq qurumlarla əlaqədəyik, məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir.

Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək, yaxud davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”.

Qeyd edk ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Ermənistan ərazisində tapılan və əsir götürülən hərbçilərimizdən Hüseyn Axundov 56 yaşlı mədən işçisinin ölümündə ittiham edilir.