Bakıda hotellərdə kef məclisləri quran tələbənin ŞOK ƏMƏLLƏRİ - TƏFƏRRÜAT
    • 20-04-2023, 13:09
    • 662

Bakıda hotellərdə kef məclisləri quran tələbənin ŞOK ƏMƏLLƏRİ - TƏFƏRRÜAT

Bakıda məşhur iş adamı Vasif İsmayılovun oğlu Kənanın dəyəri 50 min manata yaxın olan qızıl saatını oğurlayan İqtisad Universitetinin tələbəsi Elvin Məmmədov həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü 4-cü kurs tələbəsi barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq) maddəsi ilə iş açılıb. İşin materialları bir neçə gün əvvəl Nərimanov rayon Məhkəməsinə göndərilib və proses keçirilib.

Məhkəmədə məlum olub ki, Elvin iş adamının oğlu ilə dost olub və onun qızıl saatını oğurlayaraq satıb. O, əldə etdiyi pulla hotellərdə kef məclisləri qurub, özünə bahalı avtomobil kirayə götürüb. 

Həmçinin bildirilib ki, oğurlanan saatın dəyəri 47600 manat olub. Elvin “AUDEMARS PİGUET” markalı, siferblatının arxa tərəfində “093/100 X10 DON RAMON DE LA CRUZ LİMİTED EDİTİON G 72942” yazıları olan, 750 əyarlı qızıldan hazırlanmış, məhdud sayda istehsal olunmuş, dəri kəmərli mexaniki qol saatını sataraq pullarını xərcləyib.

O, məhkəmədə törətdiyi əməli etiraf edib: “2022-ci il iyunun 2-də səhər saat 11-də dostlarım Asif və Aydınla "Badam Art" hotelindən çıxıb çimərliyə yolandıq. Kənan həmin gün günorta saat 3-də Mercedes Benz markalı avtomobillə yanımıza gəldi. Həmin günü axşam saat 4-də mən sua almaq üçün "Daçniklər"  adlanan çimərliyə yaxın ərazidəki "Bravo" marketə getdim. Kənandan maşınını mənə verməsini xahiş etdim. O da razılaşıb avtomobilin açarını verdi. Maşında qabaq oturacaqların arasındakı yerdə qəpiklər və açarların arasında Kənanın hərdən taxdığı qızıl korpuslu, İsveçrə istehsallı orijinal qol saatını gördüm Onu oğurlamaq qərarına gəldim. Fikirləşdim ki, həmin saatı Cavidin vasitəsi ilə sinif yoldaşı Samirə sata bilərəm”.

Məlum olub ki, Elvin saatı oğurladıqdan sonra onun düşüb itməsi görüntüsü yaradıb. Daha sonra Cavid adlı şəxsə zəng edərək bahalı saatını 30 min dollara satmaq istədiyini deyib. Üstəlik Cavidə saatı satmağa kömək etsə, 2 min manatını ona verəcəyini deyib: “Cavid zəng edib dedi ki, Samir saatı almaq üçün səni gözləyir. Mən də tez onun dediyi yerə gedim. Onunla “Dədə Qorqud” parkının yaxınlığındakı “Second Cup” kafesinin qarşısında görüşdük. Orada Samirin çağırdığı saatsaz xüsusi işiqlı cihazla saatı yoxlayıb orijinal olduğunu təsdiqlədi. Samir də saata cəmi 23000 dollar verə biləcəyini dedi. Mən onunla razılaşdım. Həmin gün gecə saat 11-də Samir “Port Baku”nun qabağında küçədə mənə 23500 dollar pul verdi”.

Həbs edilən şəxs bildirib ki, Kənanın saatını oğurlamasından əldə etdiyi pulu əyləncəsinə sərf edib. Bu müddətdə Kənan ondan saatını soruşsa da, o, görmədiyini, xəbərsiz olduğunu deyib: “Pulları götürəndən sonra "Sea breez" hotelində nömrə götürüb bir müddət orda qaldım. "Blue beach" restoranında qonaqlıqlar verdim. Daha sonra "Badam Art"da qalıb orada da qonaqlıq verdim. Eyni zamanda həmin müddətdə icarəyə "Range Rover" götürüb sürürdüm. 2022-ci il iyulun 4-ü axşam saat 6-da mənə 050 211-lə başlayan nömrədən zəng gəldi. Zəng edən şəxs "Kənanın atasıyam, bilirəm ki, saat səndədir. Onu qaytarmaq üçün sənə iki saat vaxt verirəm"- dedi. 

Mən bu zəngdən şoka düşdüm, həyəcanlandım, başa düşdüm ki, Kənangil saatı mənim oğurladığımdan xəbərdardırlar. Vaxt qazanmaq üçün Kənanın atasına "qardaş oğlu kimi üzr istəyirəm, mənə bir gün vaxt verin, sabah saat 12-yə kimi saatı qaytaracağam" məzmunlu mesaj yazıb möhlət istədim. Məqsədim vaxt qazanıb bilet alıb ölkəni tərk etmək idi. Lakin Vasif mənə dedi ki, iki saat vaxt veririk, saatı qaytarmasan polisə verib tutduracağıq. Bunu eşidəndən sonra təcili bilet alıb Azərbaycandan qaçmaq fikrini qətiləşdirdim”.

Elvin məhkəmədə bildirib ki, dostu Günellə birgə bilet alaraq İstanbula uçmaq istəyib: “5 iyul 2022-ci il gecə saat 06:55-ə aviabilet tapdıq. Həmin vaxtı qərara gəlmişdim ki, Güneli də özümlə aparım. Oradan valideynlərimə zəng edib vəziyyəti izah edəcəkdim”.

Bundan sonra Elvin qızla birgə biletləri götürərək aeroporta gedib. Lakin orada onun artıq axtarışa verildiyi məlum olub və sərhədçilər tərəfindən saxlanılıb. Barəsində cinayət işi başlanan Elvin polisə təhvil verilib və həbs edilib. 

Nərimanov rayon məhkəməsində keçirilən proses 3 gün əvvəl başa çatıb. Məhkəmə Elvin Məmmədovu Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 14 ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılıb və  qəti olaraq 4 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Taleh BAĞIROV