Həkimi öldürənlərin məhkəməsi başlayır
    • 20-04-2023, 16:23
    • 364

Həkimi öldürənlərin məhkəməsi başlayır

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovu qətlə yetirməkdə ittiham olunan 3 nəfər - Daşqın Xəlilov, Fəxrid Allahverdiyev və Ramiz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

News24.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.11 ( bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Daşqın Xəlilov, Fəxrid Allahverdiyev və Ramiz Məmmədov bu maddələrlə təqsirli bilinərlərsə, 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrum oluna bilərlər.

Xatırladaq ki, hadisə bu ilin yanvar ayında qeydə alınıb.

Bəyaz Cabbarov evinə basqın zamanı bıçaqlanaraq qətlə yetirilib.

İstintaq gedişində 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovun mərhumun evinə basqın etməsi, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.