Şəhid anası: Oğlumun ləqəbi "qorxubilməz" idi - FOTO
    • 14-02-2019, 16:44
    • 1 077

Şəhid anası: Oğlumun ləqəbi "qorxubilməz" idi - FOTO

Oğlum Emin Əliyev 1992-ci ildə hərbi xidmətə çağırılıb. Bir neçə ay Zaqatalada hərbi kurslarda iştirak edib. Sonra isə döyüş bölgəsinə göndərilib. Ağdamda bir çox strateji yüksəkliklər uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il iyunun 12-də Ağdam istiqamətində - Qalayçılar kəndi uğrunda gedən şiddətli döyüşdə şəhid olub. Komandiri, döyüş yoldaşları onu həmişə cəsur, qeyri-adi bir döyüşçü kimi tanıyırdılar. Oğlumun ləqəbi "qorxubilməz" idi.

Bu sözləri müsahibəsində şəhidin anası İbadət Əliyeva deyib.
Şəhid anası, həmçinin deyib: "Mən 50 ilə yaxın müəllimə işləmişəm. Övladlarımla yanaşı, şagirdlərimi vətənpərvərlik ruhunda yetişdirməyə çalışırdım. Emin də bu ab-havada böyümüşdü. Hələ 18 yaşı tamam olmamış bizdən xəbərsiz hərbi komissarlığa gedib, lakin yaşı çatmadığına görə geri qaytarılmışdı. Hərbi xidmətə çağırış vərəqəsini alanda çox sevincli idi.
Emin öndəgedən, ölümün gözünə dik baxan döyüşçülərdən olub. Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə sol tərəfdən ardıcıl atəş açaraq zərbəni üzərinə götürüb və sağ tərəfdən döyüş yoldaşlarının irəli getməsinə nail olub. Yaxınlığında mərmi partlayıb və çoxlu qəlpə yarası alıb. Ağdamdakı hospitala çatdırılmadan əbədiyyətə qovuşub.
Emini demək olar ki, hamı tanıyırdı. Şəhid olanda 19 yaşı olmasına baxmayaraq, “qorxubilməz” ləqəbi almışdı.
Eminin igidliyi haqqında artıq üçüncü kitab çıxıb. Onun haqqında şerlər, məqalələr dərc olunub. Adı oxuduğu təhsil müəssisəsinə -Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 234 nömrəli məktəbə verilib və büstü qoyulub. Emindən əlavə bir oğlum və iki nəvəm var. Nəvələrimdən biri Eminin adını daşıyır. O, həmişə əmisinin adını uca tutur və arzusu hərbçi olmaqdır".
Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsini yüksək qiymətləndirən şəhid anası Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib.

//AZƏRTAC