Nurəddin Xoca məhkəmədə ifadə verib - FOTO
    • 14-02-2019, 18:03
    • 1 091

Nurəddin Xoca məhkəmədə ifadə verib - FOTO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ müharibəsi veteranı, “Bozqurd” batalyonunun keçmiş komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə N.İsmayılov özünü təqsirli bilmədiyini deyib.
Daha sonra o, sərbəst ifadə verib. Qeyd edib ki, rəhbəri olduğu saytda yayımlanan informasiyaların heç birində dövlətə qarşı çağırış olmayıb.
N.İsmayılov dindirilərkən vurğulayıb ki, Gəncə hadisələri və Mingəçevir Elektrik Stansiyasında baş verən partlayışla bağlı məlumatların böyük əksəriyyəti başqa saytlardan götürülüb.
Məhkəmədə şahid qismində Ülfan Dadaşov ifadə verən zaman söyləyib ki, təqsirləndirilən şəxsi tanımır. O bildirib ki, ötən ilin iyulunda evdə həyat yoldaşı ilə oturan zaman Teref.info saytında işıqların sönməsi və Gəncə hadisələri ilə bağlı yalan məlumatlar yer alıb: "Buna görə də öz iradımı bildirdim və həyat yoldaşımla şəhər prokurorluğuna şikayət ərizəsi verdik. Anam-atamı itirmiş, yetim adamam. Bu dövlət mənə baxıb, kimsəsizlər evində böyümüşəm. Mən istəmirəm ki, dövlətin əleyhinə kimsə informasiya yaysın".
Vəkil Elçin Sadıqov deyib ki, U.Dadaşov məhkəmədə şahid kimi ifadə verən zaman "şahidin andı"nı oxuya bilmir. O, şahidə sual verərək saytdakı məlumatı necə oxuduğunu bildirib.
Ü.Dadaşov isə deyib ki, saytdakı xəbərləri həyat yoldaşının köməkliyi ilə oxuyub: "Həmin məlumatları xatırlamıram".
Ü.Dadaşovun həyat yoldaşı Rəhilə Məmmədova də şahid qismində dindirilib. O da eyni məzmunlu ifadə verib. O, Teref.info saytında yayılan məlumatların yalan olduğunu deyib.
Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin edilib.
İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.
Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.

//Report