Əbülfəs Qarayev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ilə görüşüb - FOTO
    • 15-02-2019, 16:21
    • 898

Əbülfəs Qarayev Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ilə görüşüb - FOTO

Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyaya səfəri çərçivəsində həmin ölkənin Baş nazirinin ticarət elçisi Baroness Nikolson ilə görüş keçirib.

News24.az xəbər verir ki, görüşdə Əbülfəs Qarayev Azərbaycanla Böyük Britaniya arasında mədəni əlaqələr haqqında məlumat verərək qeyd edib ki, iki ölkə arasında mədəni əlaqələr müstəqillik dövründə sürətlə inkişaf etmişdir və əlaqələrin inkişafında British Council-ın böyük rolu vardır.

Nazir British Council ilə imzalanmış Niyyət Sazişi barədə məlumat verərək bildirib ki, bu sənəd Böyük Britaniya ilə Azərbaycan arasında mədəni və yaradıcı sənayelərin inkişafı ilə bağlı təcrübə mübadiləsi, kitabxana, muzey və digər sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcəkdir.

Görüşdə iştirak edən British Council-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Summer Xia da mədəniyyət sahəsində əməkdaşlıq barədə məlumat verərək British Council ilə Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində bir sıra layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Baroness Nikolson öz növbəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı məqsədilə bu sahədə dəstək göstərməyə hazır olduğunu, Azərbaycana səfərləri zamanı ölkənin mədəniyyətinə və tarixinə böyük maraq göstərdiyini, muzeyləri ziyarət etdiyini və Azərbaycan mədəniyyətinin onda dərin təəssürat yaratdığını qeyd edib. B.Nikolson, həmçinin yaxın zamanda Bakıya səfər edəcəyini və səfər çərçivəsində də bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırdığını diqqətə çatdırıb.

Nazir Əbülfəs Qarayev xanım Nikolsonu Bakıya səfəri zamanı Xalça Muzeyi, Muğam Mərkəzi və digər mədəniyyət müəssisələrini ziyarət etməyə dəvət edib.

B. Nikolson bir sıra ölkələrdə onun şəxsi təşəbbüsü ilə mədəniyyət və musiqi sahələrində layihələrin həyata keçirildiyini, bu layihələrin bəzilərinin Azərbaycanla da bağlı olacağını və Azərbaycan təcrübəsinin bu istiqamətdə ona kömək edə biləcəyini qeyd edib.
Nazir Əbülfəs Qarayev həmin layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduğunu bildirib.