“Yenidən oğlum olsa, sünnət etdirmərəm…” – Elşad Miri
    • 10-05-2023, 17:24
    • 478

“Yenidən oğlum olsa, sünnət etdirmərəm…” – Elşad Miri

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yaradıb. Belə ki, onun “Qurani-Kərim”də oğlan uşaqlarının sünnət edilməsi məsələsi yoxdur” fikri geniş müzakirələrə yol açıb.

İlahiyyatçı İslamın mənbəyinin “Qurani-Kərim” olduğunu və Allahın öz kitabında sünnətlə bağlı heç nə bildirmədiyini deyib. Lakin bir çox din xadimləri, eləcə də cəmiyyətin əksər hissəsi Elşad Mirinin fikirləri ilə razılaşmayaraq, onu tənqid atəşinə tutub. Uzun illərdən sonra ilahiyyatçının belə bir qənaətlə çıxış etməsi onun şəxsi ilə bağlı da bəzi suallar yaradıb.

Maraqlıdır ki, iki oğul atası olan Elşad Miri özü necə, övladlarını sünnət etdiribmi?

News24.az xəbər verir ki, ilahiyyatçı iki oğlan övladını doğulandan bir ay sonra sünnət etdirdiyini təəssüflə bildirib:

“O zaman indiki qənaətə gəlməmişdim. İnsan araşdırdıqca fikirləri və baxış bucağı dəyişir. Hər zaman eyni fikirdə ola bilmərik. Bir neçə ildir bu qənaətə gəlmişəm. Hazırda isə böyük oğlumun 13 yaşı var. Digər övladım isə 7 yaşındadır. Hər ikisini doğulandan bir ay sonra sünnət etdirmişəm. Amma yenidən oğlan övladım olsa, sünnət etdirmərəm”.

Elşad Miri bəzi xalqlarda bunun adət halında həyata keçirildiyini bildirib: “Araşdırma aparıb öyrənirdim ki, yəhudilər uşaq doğulandan 8 gün sonra sünnət etdirirlər. Sonra guya Peyğəmbərin (s.ə.s) özünün sünnətli doğulduğunu rəvayətlərdə oxuyurdum. Amma öyrənəndə ki, bu, bir xəstəlikdir və Peyğəmbərin özü İslama görə deyil, sırf adət-ənənə səbəbindən sünnət edilib, həmin an fikirlərim dəyişməyə başladı.

Üstəlik, “Qurani-Kərim”də bununla bağlı heç bir məlumat yoxdur və hətta Peyğəmbərin (s.ə.s) öz uşaqlarını da sünnət etdirməsinə dair məlumatlara rast gəlinmir”.

Elşad Miri əlavə edib ki, övladlarımızın razılığı olmadan onların üzərində cərrahiyə əməliyyatı aparmağımız doğru yanaşma deyil: “Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu məsələ ilə bağlı tədqiqatlarında sünnətin xeyir və zərərləri haqda məlumatlar yer alıb. Bütün bunların timsalında mən də belə bir nəticəyə gəldim”.

Müsahibimizin sözlərinə görə, sünnət yalnız həkim məsləhəti və tibbi zərurət fonunda edilə bilər: “Amma bunu adət-ənənə və İslamın şərti kimi etməyimiz doğru deyil. Birmənalı şəkildə biz övladlarımız üzərində bu cür haqq və hüquqa sahib deyilik. Həm də nəzərə almaq lazımdır ki, müəyyən yaşda sünnət edilən uşaqlar ciddi travma alırlar. Bu, həmin uşaqlara qarşı zülm deyilmi? Gələcəkdə bununla bağlı uşaqda hansısa problemlər yarana bilər. Ona görə də, insanları qəti şəkildə bundan çəkinməyə çağırıram. Digər tərəfdən, həkimlər sünnətlə bağlı elə xırdalıqları izah edirlər ki, dediklərimin həqiqət olduğuna şübhə qalmır”./konkret.az/